Accessibility links

ABŞ qanunvericilərini daşıyan qatar yük maşını ilə toqquşub


ABŞ-ın bir neçə respublikaçı qanunvericisini daşıyan qatar çərşənbə günü Virciniya ştatının cəub-qərb hissəsində yük maşını ilə toqquşub.

ABŞ mediası qatarda sərnişin olan konqresmen Bredli Birneyə istinadən bu haqda məlumat verib.

Ağ Evin bildirdiyinə görə, qanunvericilər və onların ofislərinin əməkdaşlarından heç biri ağır xəsarət almayıb, lakin bir nəfər həlak olub, başqa bir nəfər isə ciddi yaralanıb. Mediada verilən məlumata əsasən, ölən şəxs yük maşınında olub.

“Prezident Vircinyada vəziyyətlə bağlı məlumatlandırılıb və ona müntəzəm olaraq yeni xəbərlər çatdırılır. Bir nəfərin öldüyü və bir nəfərin ciddi yaralandığı təsdiq edilib. Konqres üzvləri və onların işçiləri arasında ciddi yaralanan yoxdur. Administrasiyanın rəsmiləri Amtrak, ştat və yerli rəsmilərlə müntəzəm əlaqə saxlayır. Bizim fikirlərimiz və dualarımız bu qəzada zərər çəkənlərlədir”, Ağ Evin açıqladığı bəyanatda bildirilir.

Konqresmen Bredli Birn Twitter səhifəsində yazdığı mesajında onun və həyat yoldaşı Rebekkanın xəsarət almadığını bildirib. “Respublikaçılar partiyasıın üzvlərini daşıyan qatar qəzaya uğrayıb. Rebekka və mənim vəziyyətim normaldır. Təhlükəsizlik işçiləri və həkimlər təhlükəsizliyi təmin edir və yaralananlara yardım göstərir”, konqresmen Twitter səhifəsində yazıb.

Konqresmen Qreq Valden də Twitter səhifəsində yaralananların olmadığını və təcili yardım işçilərinin yük maşınında olanlara yardım göstərdiyini yazıb.

Qəza Virciniya ştatının Şarlotsvill şəhərinin 20 kilometrliyində baş verib.

Qanunvericilər yeni vergi qanunu və ölkənin köhnəlmiş infrastrukturunu müzakirə etmək üçün Vest Virciniya ştatında Qribriyer kurort şəhərinə yollanırdı.

Prezident Donald Trampın cümə axşamı günü onlara qatılacağı gözlənilirdi.

XS
SM
MD
LG