Accessibility links

Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini nəzərdə tutan qanun layihəsi təqdim edilib


Senatın Silahlı Qüvvələr Komitəsinin sədri senator Con Makkeyn, senatorlar Ben Kardin və Bob Menendes mətbuat konfransında

ABŞ Senatında Rusiyanın noyabr ayında prezident seçkilərinə müdaxiləsi ilə əlaqədar olaraq sanksiyaların gücləndirilməsini nəzərdə tutan qanun layihəsi təqdim edilib.

"Bizim ölkəyə Perl Harborda hücum ediləndə və ölkəmiz 11 sentyabrda hücuma məruz qalanda biz hücum edənlərlə bağlı və milli təhlükəsizlik maraqlarını nəzərə alaraq ölkəyə gələcəkdə hücumların qarşısını almaq məssədilə addımlar atmışdıq"-deyə qanun layihəsinin əsas sponsorlarından biri olan demokrat senator Ben Kardin bildirib.

"Bu, adi qaydada görülən bir iş deyil. Biz elə addımlar atmalıyıq ki, belə fəaliyyətlərin nəticəsi olduğunu aydın şəkildə bildirək və bizim qanun layihəsi bunu nəzərdə tutur"-deyə senator Kardin əlavə edfib.

Qanun layihəsinin digər sponsorları respublikaçı senatorlar Con Makkeyn və Lilndsi Qraham, eləcə də prezidentliyə keçmiş namizəd senator Marko Rubiodur.

ABŞ kəşfiyyat agentliklərinin Rusiyanın prezident seçkilərinə müdaxiləsi ilə bağlı hesabatı
ABŞ kəşfiyyat agentliklərinin Rusiyanın prezident seçkilərinə müdaxiləsi ilə bağlı hesabatı

"Rusiyanın 2017-ci ildə düşməncəsinə hərəkətlərinə cavab" adlandırılan qanun layihəsinin əsas məqsədi prezident seçilmiş Donald Trampın Rusiya ilə ikitərəfli əlaqələri gücləndirmək istəyinə baxmayaraq, nüfuzlu respublikaçıların Rusiyanı cəzalandırmaq niyyətində olduğunu nümayiş etdirməkdən ibarətdir.

Sənəd ABŞ kəşfiyyat agentlikləri tərəfindən Rusiyanın prezident seçkilərinə müdaxiləsi ilə əlaqədar tənqid edildiyi hesabatın açıqlamasından dörd gün sonra təqdim edilib.

Biz elə addımlar atmalıyıq ki, belə fəaliyyətlərin nəticəsi olduğunu aydın şəkildə bildirək və bizim qanun layihəsi bunu nəzərdə tutur.
Senator Ben Kardin

Qanun layihəsində demokratik təsisatların kiber təhlükəsizliyinin pozulmasına yol verən şəxslərin ölkəyə girişinə qadağa qoyulması və onların bank hesablarının dondurulması nəzərdə tutulur. Sənəddə eyni zamanda, Rusiyanın hərbi sənaye kompleksi ilə əməkdaşlıq aparan və ya kəşfiyyat agenlikləri ilə bağlı xarici şirkətlərə qarşı sanksiyalar da nəzərdə tutulur.

Sənəddə eyni zamanda, prezident Barak Obama administrasiyası tərəfindən Rusiyaya qarşı prezident seçkilərinə müdaxilə və 2014-cü ildə Krımın işğalı ilə əlaqədar tətbiq edilmiş sanksiyaların sistemləşdirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, qanun layihəsinə əsasən, Rusiyanın təbliğatının qarşısının alınması məqsədilə Dövlət Departamenti və ABŞ-ın başqa agentliklərinə 100 milyon dollar vəsait ayrılması planlaşdırılır.

Kremlin sözçüsü Rusiyaya qarşı iddiaların "heç nə ilə əsaslandırılmadığını" deyib. Rusiya eyni zamanda, ABŞ-ın ölkə rəsmilərinə qarşı sanksiyaları tətbiq etməsini tənqid edərək, bu addımın iki ölkə arasında münasibətləri daha da gərginləşdirəcəyini bildirib.

ABŞ bazar ertəsi günü Rusiyanın baş müstəntiqi və daha dörd nəfərə qarşı Dövlət Departamentinin bildirdiyi kimi, "insan hüquqları sahəsində ciddi pozuntularla əlaqədar" sanksiyaların tətbiq edildiyini elan edib.

XS
SM
MD
LG