Accessibility links

Əbülfəz Qarayevin istefası tələb edilir - son həbslərə siyasi və ictimai baxış


Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti mayın 8-də Mədəniyyət Nazirliyində əməliyyat-istintaq tədbirləri həyata keçirdikdən sonra nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov barəsində Səbail rayon Məhkəməsi dörd aylıq həbs qətimkan tədbiri seçib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunur.

DTX-nin əməliyyat-istintaq tədbirləri həmçinin 26 ildən çoxdur nazir kreslosunda əyləşən və hazırda mədəniyyət naziri olan Əbülfəs Qarayevə qarşı tənqidlərə yol açıb, onun istefası tələb edilir.

Fazil Mustafa, millət vəkili
Fazil Mustafa, millət vəkili

Fazil Mustafa: Azərbaycan mədəniyyətini Qarayev zehniyyətinin həbsindən azad etməsək...

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa yazıb ki, indi nazirlikdə aparılan yoxlamaların, rüşvətxor nazir müavinindən, idarə rəisindən başlayan həbslərin harada yekunlaşacağını bilmir.

“Ancaq bildiyim odur ki, Azərbaycan mədəniyyətini Qarayev zehniyyətinin həbsindən azad etməyincə, sənətin, ədəbiyyatın, rəssamlığın, teatrın, kinonun, kitabxananın, kitab satış sektorunun, xalça sənətinin inkişafına dəstək verməli olan bir dövlət orqanı, onları çökdürən bir mexanizm kimi, bir buxov kimi mədəniyyətimizin potensialına ağır zərbə vurmağa davam edəcəkdir,” deputat qeyd edib.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli: Yaponiyada belə məsələlərə görə məmurlar “xarakiri” edir

ReAL Partiyasın icra katibi Natiq Cəfərli hesab edir ki, mədəniyyət naziri istefa verməlidir.

Mədəniyyət Nazirliyində o boyda əməliyyat olur, faktlar və iddialar səsləndirilir – nazir isə çıxıb deyir ki, əməliyyatı alqışlayıram. Belə olmur, hər şeyi multfilmə çevirməyin.

“Biznesdə də, hökumət-dövlət işində də qərar verənlər öz qərarlarına görə, ən azı siyasi (biznesdə isə maddi) məsuliyyət daşımalıdırlar. Mədəniyyət Nazirliyində o boyda əməliyyat olur, faktlar və iddialar səsləndirilir – nazir isə çıxıb deyir ki, əməliyyatı alqışlayıram. Belə olmur, hər şeyi multfilmə çevirməyin, əgər sənin öz məsuliyyətin altında olan sahədən xəbərin olmayıbsa lap pis - deməli bacarıqsız menecersən, yox əgər xəbərin olubsa, deməli sənin rəhbərliyinlə hər şey baş verib. Hər iki halda da, ən azı (hüquqi məsuliyyəti qoyuram kənara) siyasi məsuliyyətə görə nazir istefa verməlidir və bu yanaşma bütün siyasi qərarverənlərə aid olmalıdır. Yaponiya belə məsələlərə görə məmurlar “xarakiri” edirlər, bunlar heç istefa vermək belə istəmirlər,” Cəfərli Facebook səhifəsində yazıb.

YAP icra katibi Əli Əhmədov
YAP icra katibi Əli Əhmədov

Əli Əhmədov: Vətəninə, dövlətinə ləyaqətlə xidmət etməyənlər və xəyanət edənlər cəzasını alacaq

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov hesab edir ki, etimadı doğrultmayan məmurlara qarşı sərt tədbirlər görülməlidir.

Vəzifə borclarını icra edə bilməyiblər və bunların əvəzində tamamilə xoşagəlməyən, cinayətə gətirib çıxaran hallara yol veriblər.

“Məmur üçün ədalət anlayışının vacib parametrlərindən biri ona göstərilən etimadı layiqincə doğrultmaqdan, xalqına və ya rəhbərlik etdiyi rayona sədaqətlə, ləyaqətlə xidmət etməkdən ibarətdir. Əgər məmur ona göstərilən etimadı pozursa, xalqına ləyaqətlə xidmət etməkdən ibarət olan vəzifəsini lazımınca icra edə bilmirsə, nəticə etibari ilə bir tərəfdən o insanlara da xəyanət etmiş olursa, hesab edirəm ki, onlar haqqında ciddi ölçülərin götürülməsi tamamilə qanuna uyğundur,” Əhmədov jurnalistlərə bildirib.

Əhmədov deyib ki, həbs edilən icra başçılarının YAP-ın üzvü olması faktı məyusluq doğurur.

“İnsanlara lazımı xidməti göstərə bilməyiblər. Vəzifə borclarını icra edə bilməyiblər və bunların əvəzində tamamilə xoşagəlməyən, cinayətə gətirib çıxaran hallara yol veriblər. Vətəninə, dövlətinə ləyaqətlə xidmət etməyənlər və xəyanət edənlər cəzasını alacaqlar. Necə ki, 5 rayonun icra başçısı cəzalarını alırlar. Güman edirəm ki, məhkəmədə onların cəza alması üçün kifayət qədər əsasların olduğu sübuta yetiriləcək. Yeni Azərbaycan Partiyası çalışır ki, özünü bu kimi xoşagəlməz xasiyyətləri olan insanlardan xilas etsin. Amma təəsssüf ki, partiya sıralarında bu cür insanlar var. Bu, bizim üçün də siqnal olmalıdır,” o qeyd edib.

Əli Əlirzayev
Əli Əlirzayev

Əli Əlirzayev: Bir adam rüşvət verib vəzifəyə gəlirsə o, rüşvət alacaq

Yeni Azərbaycan Partiyasının qurucularından, Milli Məclisin keçmiş deputatı Əli Əlirzayev hesab edir ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə yalnız həbs metodu ilə aparılarsa, lazım olan effekti verməyəcək.

“Bu metodla olsa, onda Azərbaycandakı bütün icra başçılarını həbs etmək lazımdır. Onların hamısı demək olar ki, eyni prinsiplə işləyir. 16 il bir adam icra başçısı olub, onun cinayətləri indi açılır. Bu, olmalı idi o ilk işlədiyi illərdə, heç olmasa bir neçə il bundan əvvəl. Necə olur ki, bütün ictimaiyyət bunu bilir, illərlə danışır, ancaq indi üzə çıxır. İnsanları vəzifəyə qoyarkən onu ciddi və hərtərəfli araşdırmaq lazımdır. Dövlət əmlakını qoruyan adamları vəzifəyə qoymaq lazımdır. Bu dövlətin apardığı siyasətdir, ancaq bunu daha əvvəl etmək lazım idi. Niyə onlara bu qədər səlahiyyət veirlirdi ki, hətta deputat seçkilərinə də müdaxilə edirdilər.”

Əlirzayevin fikrincə hazırda aparılan mübarizənin metodu da mübahisəlidir.

Mən univeritetdə dərs deyirəm. Mənim rektorum rüşvət alırsa, mən də almalıyam. Nazir alırsa, rektor da almalıdır. Bu belə mərhələli bir prosesdir.

“Ən pisi də odur ki, bizim məmurların etdiyi rüşvət və korrupsiya əməli çox eybəcər haldadır, ən primitiv formadadır. Sən bir bax gör kimin pulunu yeyirsən? 190 manata ehtiyacı olan bir adamın? Belə insanların puluna göz dikən adamlardan heç vaxt dövlətə, millətə xeyir gəlməz. İndi dövlət başçısı bu məsələdə qətiyyətli mövqe qoyub ortaya. Bunu alqışlamaq lazımdır. Amma adam xaricə gedəndə utanır. Soruşurlar ki, necə oldu sizdə elə bu icra başçıları hamısı belə oldu?

Kadrları yalnız xaricdə təhsil alıb deyə müəyyənləşdirmək düzgün deyil. Kadr siyasəti özü mürəkkəb bir işdir. Kadrları təyin edərkən bu insanları ciddi araşdırmaq və öyrənmək vacibdir. Açıq demək lazımdır ki, indi məmurların böyük əlsəriyyəti belədir. Bir adam ki, rüşvət verib vəzifəyə gəlir, o, rüşvət alacaq. Başqa yolu yoxdur. Ona görə də bunun kökünü kəsmək lazımdır. Mən univeritetdə dərs deyirəm. Mənim rektorum rüşvət alırsa, mən də almalıyam. Nazir alırsa, rektor da almalıdır. Bu belə mərhələli bir prosesdir.

Əsas odur ki, əvvəldən kadrların getdiyi yola diqqət edəsən. Pula nə qədər hərisdir, ya yox. O gün bir yoldaş mənə deyir, dəhşətə gəlirəm. İnsan da 6 min dollarlıq kostyum geyinərmi?! Mən heç ömrü boyu üst-üstə gəlsən bu qiymətə kostyum geyməmişəm,” Əlirzayev yerli mediaya bildirib.

Qeyd: Məfəniyyət nazirliyi, həbs edilən şəxslərin vəkilləri və ailə üzvləri hələ ittihamlarla bağlı şərh verməyib.

XS
SM
MD
LG