Accessibility links

ABŞ Nümayəndələr Palatası sərhəddə miqrantlara fövqəladə yardım paketini təsdiqləyib


ABŞ Konqresinin Nümayəndələr Palatası 4.5 milyard dollar dəyərində fövqəladə yardım paketini təsdiqləyib. Yekun təsdiq alarsa, paket ABŞ-Meksika sərhədində nəzarət mərkəzlərində saxlanılan minlərlə mühacir ailələri və valideyinləri tərəfindən müşayət edilməyən uşaqlara xidmətlər üçün yardımı maliyyələşdirəcək.

Razılığın təsdiqlənməsi mühacirət vəkillərinin Texasın Klint şəhərində ABŞ Gömrük və Sərhəd Patrul Agentliyi tərəfindən idarə edilən nəzarət mərkəzində yüzlərlə uşağın ant-sanitariya şəraitində saxlanıldığını aşkar etdiklərini bildirmələrindən bir neçə gün sonraya təsadüf edir.

Vəkillər deyib ki, bəziləri körpə olan uşaqlar çirkli paltarlarda yerdə yatır, normal qidalanmır və onlara tibbi yardım göstərilmir.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib ki, mərkəzlərdə ağır şərait Tramp administrasiyasının mühacirətlə bağlı sərt mövqeyinin nümunəsidir.

ABŞ Senatı bənzər qanun layihəsi üzərində işləyir.

Ağ Evdə çərşənbə axşamı keçirilən imzalama mərasimində prezident Tramp problemi ünvanlamaq üçün əhəmiyyətli qanunvericiliyi təsdiqləmədiklərinə görə demokratları təqsirləndirib.

Tramp mühacirətə nəzarət mövzusunu prioritet edib. Lakin o, mühacirətlə bağlı məqsədinə çata bilməsi üçün qanunvericiliyin təsdiqlənməsinə nail ola bilməyib.

ABŞ səhiyyə rəsmiləri bildirib ki, Klint mərkəzindən 200-dən çox uşaq digər federal agentliyin nəzarətinə keçirilib.

Mərkəzdə saxlanılan uşaqlar valideyinlərinin müşayəti olmadan, icazəsiz sərhədi keçən uşaqlardır və onlara müşayiət edilməyən xarıcı uşaqlar kimi istinad edilir.

Bu barədə çıxarılan hesabatın çərşənbə axşamı ABŞ Gömrük və Sərhəd Patrul Agentliyinin müvəkkili Con Sandersin istefa verməsində rol oynayıb-oynamadığı aydın deyil. Sanders iyulun 5-də vəzifəsindən gedəcək.

XS
SM
MD
LG