Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqov 48 gündür aclıq edir.
Bu gün, dekabrın 20-də jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə deyib ki, Əfqan Sadıqovda artıq qıcolmalar başlayıb, tez-tez huşunu itirir, yeriyə bilmir, oynaqlarında kəskin ağrılar baş qaldırıb.
“Həkim Əfqanın ölümünü istəmədiyini bildirdi. Lakin digər tərfdən də Əfqan Sadıqovun qida və su qəbulundan, süni qidalandırıcı maddələrdən imtina etdiyni dedi. Həyat yoldaşımın durumu çox ağırdır, onu hər an itirə bilərik,” Sadıqova Amerikanın Səsinə müsahibəsində bildirib.
Sadıqovanın sözlərinə görə, dekabrın 25-də saat 10:30-da Sumqayıt Apellyasiya Məhkəməsində jurnalistin apellyasiya şikayətinə ilkin baxış başlayacaq.
“Əfqanın vəziyyəti çox ağırdır. Onun dekabrın 25-dək yaşayıb-yaşamayacağı məlum deyil. Əfqan Sadıqov həyatını itirsə nə dövlət, nə hakimiyyət, nə də bu, məmurlar heç bir xeyir əldə etməyəcək,“ jurnalistin həyat yoldaşı Amerikanın Səsinə deyib.
Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq, yeddi il müddətinə azadlıqdan məhrum edib.
“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.
Dekabrın 4-də Bakı Apellyasiya Məhkəməsində jurnalistin apellyasiya şikayətinə baxış başlayıb və məhkəmə şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərib.
Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.
Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.
Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.
“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.
Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.