Accessibility links

Aclıq aksiyası davam etdirilir


“Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə yanvarın 4-dən başlanmış aclıq aksiyası davam edir. Hazırda Müsavat Partiyasının mənzil qərargahında 6 fəal aclığı davam etdirir.

Bu barədə aclıq edənlərdən biri, jurnalist Xədicə İsmayıl Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, yanvarın 4-dən aclıq edən Müsavat Partiyasının divan üzvü Tofiq Yaqublu yanvarın 16-da aclığı dayandırıb. Yaqublunun səhhətində ciddi problemlər yaranıb və onun təzyiqi 95/85 olub.

Hazırda Müsavat Partiyasının qəraragahında Natiq İsrafilli, Rövşən Niftalzadə, Xədicə İsmayıl, Aygün Cəfərova, Rafiq Baxışov (həbsdə olan AXCP fəalı Orxan Baxlının atası) və Zəfər Əhmədlidir (həbsdə olan AXCP fəalı Fuad Əhmədlinin atası) aclığı davam etdirir.

Xədicə İsmayılın dediyinə görə, aclıq edənlərə həkim nəzarəti var.

“Yaxınlıqdakı 21 saylı poliklinikanın həkimləri gündə iki dəfə aclıq edənləri müayinə edir”, o qeyd edib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

Aclıq aksiyası davam etdirilir
Aclıq aksiyası davam etdirilir

O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger maye süd məhsulları içsə də qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı videolarla bağlı olduğunu bildirib.

Blogerə dəstək aksiyaları ara vermir. Berlində Azərbaycan səfirliyi qarşısında və Avropanın digər şəhərlərində dəstək aksiyaları olub. Həbsdə olan ondan çox siyasi məhbus kimi tanınan şəxsin də aclıq aksiyasına qoşulduğu bildirilir.

XS
SM
MD
LG