Accessibility links

Aclıq aksiyasını 5 fəal davam etdirir


"Mehman Hüseynov və siyasi məhbuslara azadlıq" aclıq aksiyası

Yanvarın 2-dən ictimaiyyət nümayəndələrinin "Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə başladığı aclıq aksiyası Müsavat Partiyasının mənzil qərargahında davam etdirilir.

Hazırda aclıq aksiyasını jurnalist Xədicə İsmayıl, fəallar Füzuli Hüseynov, Aygül Cəfərova, siyasi məhbus kimi tanınan Fuad Əhmədov və Orxan Baxışlının ataları Zəfər Əhmədov və Rafiq Baxışov davam etdirir. Bu gün Rövşən Niftalzadə aclığı dayandırıb, onu Füzuli Hüseynov əvəz edib.

Beşinci gündür aclıq edən Xədicə İsmayıl Amerikanın Səsinə bildirib ki, bu gün 25 saylı poliklinkanın həkimləri Müsavat Partiyasının qərargahına gələrək aclıq edənləri müayinə edib.

Aclıq aksiyası
Aclıq aksiyası

“Aclıq edənlərin səhhətində ciddi dəyişiklik yoxdur. Sadəcə təzyiqlərində dəyişikliklər var,” o qeyd edib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger maye süd məhsulları içsə də qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı videolarla bağlı olduğunu bildirib.

Blogerə dəstək aksiyaları ara vermir. Dünyanın müxtəlif ölkələrində dəstək aksiyaları keçirilir.

ABŞ senatoru Marko Rubio, ABŞ Helsinki Komissiyasının həmsədri Kris Smit, ATƏT-in və Avropa Şurasının media azadlığı üzrə komissarları, Avropa Şurası Paplament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri, Fransa Xarici İşlər Nazirliyi, Böyük Britaniya parlamentinin üzvü, çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Mehman Hüseynovu həbsdən azad etməyə çağırıb. Yanvarın 11-də Avropa İttifaqına daxil olan ölkələrin Bakıdakı səfirliklərinin diplomatları 1 saylı Bakı İstintaq Təcridxanasında Mehman Hüseynovla görüşüb. Avropa Parlamenti 533 səslə “Azərbaycanda vəziyyət və Mehman Hüseynovun işi” adlı qətnamə qəbul edib. Avropanın müxtəlif şəhərlərində, ABŞ-da siyasi məhbuslara azadlıq tələbi ilə piketlər keçirilib.

Öz növbəsində, Azərbaycan hökuməti beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Yüksək dövlət məmurları ölkədə hüququn aliliyinin təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu, fikirlərinə, siyasi baxışlarına görə həbs edilmədiyini bildirir.

“Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qanunun aliliyinə söykənən vətəndaş cəmiyyətinin bütün institutları yüksək effektivliklə fəaliyyət göstərdiyi bir zamanda bu tip lazımsız, heç bir fakta əsaslanmayan qətnamənin qəbulu, heç şübhəsiz ki, onu qəbul edən qurumda təmsil olunan bəzi dairələrin çirkin niyyətindən xəbər verir," Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov Avropa Parlamentinin qətnaməsinə belə münasibət bildirib.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus kimi tanıyır. Beynəlxalq təşkilatlar 10 jurnalist və blogerin həbsdə olduğunu bildirir. Amnesty International ondan çox insanı vicdan məhbusu elan edib.

Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.

Hazırda Azərbaycan məhkəmlərində azı iki baş redaktorun (Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli, criminal.az saytının redaktoru Anar Məmmədov) cinayət işi üzrə məhkəmə prosesi davam edir.

XS
SM
MD
LG