Accessibility links

Aclıq edən jurnalistlərin ailə üzvləri Almaniya səfirliyinin qarşısında aksiya keçirib


Əfqan Sadıqov və Polad Aslanovun ailə üzvləri aksiya keçirir

Həbsxanada aclıq aksiyası keçirən jurnalistlərin yaxınları və bir qrup qadın müxalifət fəalları martın 2-də Almaniyanın Azərbaycandakı Səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Onlar bütün siyasi məhbusların azad edilməsini tələb edib və Qərb diplomatlarını diqqətlərini bu problemin həllinə yönəltməyə çağırıb.

Aksiyada xeberman.com saytının təsisçisi Polad Aslanovun və Azel.tv saytının təsisçisi Əfqan Sadıqovun həyat yoldaşları da iştirak edib.

"Bu il Elmar Hüseynovun qətlindən 16 il keçir. On altı ildir ki, hakimiyyət Elmar Hüseynovun qətlinin sifarişçisini tapmır. Bu gün Elmar Hüseynovu qətlə yetirənlər Efqan Sadıqovu, Polad Aslanovu öldürürlər. Hər iksinin vəziyyəti çox ağırdır. Bu jurnalistlər xalqın səsini çatıdırırdı. Onların vəziyyəti çox ağırdır və hər an həyatlarını itirə bilərlər. Buna görə xarici səfirliklərdən kömək istəyirik. Çünki hara müraciət edirik heç kim bu müraciətlərə baxmır,” Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova deyib.

Aksiya iştirakçıları əllərində siyasi məhbusları azad etməyə çağıran şüarlar, habelə onların portretlərini tutub.

Polis etirazçıları ərazidən uzaqlaşdırıb.

Aksiyada səsləndirilən fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Hakimiyyət təmsilçiləri bir qayda olaraq tənqidçilərin susdurulması ilə bağlı səslənən fikirləri rədd edir, ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Siyasi məhbusların ailə üzvləri bir müddət əvvəl də ABŞ-ın Azərbaycandakı Səfirliyi , Avropa İttifaqının Bakı nümayəndəliyinin qarşısında etiraz aksiyaları keçirib.

2019-cu il noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O,12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını cəlb edərək onları İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun ötən il noyabrın 2-də yaydığı bəyanatda Azərbaycan hakimiyyəti 2019-cu ilin iyunundan bəri Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri sərbəst buraxmasına çağırılıb.

“Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla qeyri-insani rəftara son qoymağa, ona tibbi yardım göstərməyə və Bakı Apellyasiya Məhkəməsində ədalətli təhqiqatı təmin etməyə çağırıb.

2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxış zamanı jurnalist məhkəmədə prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib. O, 30 gündür aclığı davam etdirir.

Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Polad Aslanovun apellyasiya şikayətini təmin etməyib.

Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir.

Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

Əfqan Sadıqov 119 gündür aclığı davam etdirir.

Şərhlərə bax (2)

Bu forum qapanıb

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG