Accessibility links

Aclıqdan sonra Aleksey Navalnı ilk dəfə məhkəmədə görünüb


Həbsdə olan Rusiya müxalifət lideri Aleksey Navalnı aclıq aksiyasına son qoyduqdan sonra ilk dəfə ictimaiyyətə görünüb. Belə ki, aprelin 29-da o, İkinci Dünya Müharibəsi veteranlarını tənqid etməsi ilə təqsirli bilindiyi böhtan işi üzrə virtual olaraq Apellyasiya Məhkəməsinə qatılıb.

Navalny məhkəmə iclasında prezident Vladimir Putin və Rusiyanın ədliyyə sistemini sərt təniq edib.

Üç həftədən çox yeməkdən imtina etdikdən sonra başı qırxılmış və zəif görünən Navalnı Putini "paltarsız imperator" adlandırıb və Rusiyanın onun hakimiyyəti altında "hər il tənəzzül etməyə davam etdiyini" deyib.

“Tac imperatorun qulaqlarından sürüşüb düşür, TV-də yalanlar eşidilir, trilyonlarla rubl xərclənir, amma ölkəmiz yoxsulluğa yuvarlanır” - deyə, Navalnı bildirib.

Emosional çıxışından bir az sonra hakim Navalnının apelyasiya şikayətini təmin etməyib.

Məhkəmə iclasından sonra Navalnının yaxın məsləkdaşı Leonid Volkov deyib ki, regional şəbəkə bağlanacaq. O, aprelin 29-da YouTube-da yerləşdirdiyi videoda bildirib ki, Rusiya hakimiyyətinin təzyiqi altında əməliyyatları idarə etmək “mümkün olmayacaq”.

Şəxsi təhlükəsizliyindən narahat olduğu üçün Volkov Rusiyadan Litvaya gedib.

Rusiya hakimiyyəti həbsdə olan Navalnıya yeni cinayət işi açıb. Onun vətəndaşların hüquqlarını pozan qeyri-kommersiya təşkilatı qurduğu iddia olunur.

Navalnının komandası vebsaytında yerləşdirdiyi bəyanatda bildirir ki, ittiham prokurorların başqa bir iddiası üçün toplanan informasiyadan qaynaqlanır. Həmin iddia Navalnının siyasi təşkilatına ekstremist damğası vurmağı hədəfləyir.

Rusiya qanunvericiliyinə görə, “ekstremist” təşkilata üzvlüyə, yaxud onu maliyyələşdirməyə görə 10 ilədək həbs cəzası kəsilə bilər.

“Bütün materialdan yalnız yeni ittiham çıxarıla bilər. Navalnı, Jdanov və Volkova qarşı Cinayət Məcəlləsinin yetərincə ekzotik 239-cu maddəsi irəli sürülür: vətəndaşların hüquqlarını pozan qeyri-kommersiya təşkilatı yaratmaq” - deyə, bəyanatda bildirilir.

Beynəlxalq insnaq haqları təşkilatı Amnesty International bu addımı “Rusiyanın postsovet tarixində ifadə və birləşmə azadlıqlarına ən ciddi zərbələrdən biri” adlandırıb.

XS
SM
MD
LG