Accessibility links

Aclıq edən güneyli məhbusların sayı artıb


Iranian Azerbaijani activists
Iranian Azerbaijani activists

İyulun 13-dən İran məhkəməsinə etiraz olaraq aclıq aksiyasına başlamış Yeni GAMOH təşkilatının liderləri İran Azərbaycanı və Azərbaycan Respublikasının ictimai-siyasi xadimləri və mədəni fəallarından aclığa son verilməsi ilə bağlı dair müraciətlər gəlməyə davam edərkən, Təbriz zindanında saxlanılan daha iki milli fəalın aclıq aksıyasına başladığı bildirilir.

Azərbaycan veb səhifələrinin yaydığı məlumata istinadən, Urmiyə Gölü etirazları ilə bağlı həbs edilmiş və hazırda Təbriz zindanında həbs müddətlərini çəkən Əziz Purvəli və Abdullah Səduqi avqustun 3-ü və 6-da aclıq elan ediblər.

Tanınmış siyasi fəal Əziz Purvəli Təbriz zindanından bir məktub açıqlayaraq, Yeni GAMOH üzvlərini dəstəkləmək məqsədi ilə aclığa başladığı haqda xəbər verib.

“Uzun illərdən bəri tanıdığım bu insanların haqsız olaraq tapdalanmalarına artıq səssiz qala bilmirəm. İnsanlıq adına və milli birlik naminə bu sevimli insanları savunan hər kəsə öz sayğımı bildirərək, mən də bu gündən (3 avqust) aclıq etirazına qoşuluram,”-deyə cənab Purvəlinin Öyrənci Səsi saytında nəşr edilmiş məktubunda qeyd edilib.

Araz News veb səhifəsinin yazdığına görə, milli fəal aclığa başladığını bildirdikdən sonra Təbriz zindanının özəl bölməsinə göndərilərək ailəsilə görüşmək və telefon təmasından məhrum edilib.

Oyan News saytı isə dizində problem olan milli fəal Abdullah Səduqinin həkimlə təmin edilmədiyi üçün avqustun 6-dan Təbriz zindanında aclığa başladığını bildirib.

Əziz Purvəli və Abdullah Səduqi 2011-ci ilin avqust ayında 27 başqa azərbaycanlı fəalla birlikdə Təbrizin Qumtəpə məhəlləsində bir evdə Urmiyə gölünün quruması ilə bağlı toplantı keçirərkən həbs edilmişdilər. Milli fəallar daha sonra müvəqqəti olaraq zəmanətlə azadlığa buraxılsalar da, məhkəmə tərəfindən bir il qəti, habelə əlavə olaraq bir il şərti həbsə məhkum edilib. Onlar hazırda Təbriz zindanında həbs cəzalarını çəkirlər.
XS
SM
MD
LG