Accessibility links

AXCP üzvü təcridxanada aclıq aksiyası keçirir


Füzuli Hüseynov

F.Hüseynov vəkilinə deyib ki, həbs olunandan aclığa başladığından, 5 gün sonra sağlıq durumu kəskin pisləşib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, təkbaşına keçirdiyi aksiyalara görəhəbs edilən AXCP üzvü Füzuli Hüseynov həbsdə aclıq edir.

Bu barədə onun vəkili Cavad Cavadov bildirib.

İyunun 14-də ReAl partiyasının həbsdə olan sədri İlqar Məmmədovun doğum günü münasibətilə əlində onun şəkli olan plakatla ona azadlıq tələb edən Hüseynov həmin gün həbs olunub. Ona Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs cəzası verilib.

Füzuli Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsiylə təqsirli bilinib.

Vəkil Cavad Cavadov iyunun 21-də inzibati həbs olunanların saxlandığı Binəqədi təcridxanasında Füzuli Hüseynovla görüşüb.

F.Hüseynov vəkilinə deyib ki, həbs olunandan aclığa başladığından, 5 gün sonra sağlıq durumu kəskin pisləşib. Hüseynov hələ də aclığı davam etdirdiyini söyləyib.

Cavad Cavadovun sözlərinə görə, o, Hüseynova aclıq aksiyasını dayandırmağı tövsiyə edib: “Söz verdi ki, mənim tövsiyəmlə bağlı düşünəcək. Halsız görünürdü...”.

Vəkil Füzuli Hüseynovun haqqındakı inzibati həbs qərarından apellyasiya şikayəti verəcək.

Hüseynov daha öncə də həbsdə olan ictimai-siyasi fəalların şəkilləri əks olunmuş plakatları qaldırmaqla təkbaşına aksiyalar keçirib. O, əvvəllər də inzibati qaydada həbs olunub.

XS
SM
MD
LG