Accessibility links

“Nardaran işi”ndə təqsirləndirilənlər aclıq aksiyasına başlayıb


Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illisturasiyası
Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illisturasiyası

“Nardaran işi” üzrə təqsirləndirilən 18 nəfər dekabrın 19-da iclas zalına buraxılmamağa etiraz olaraq aclıq aksiyasına başlayıb. Bu barədə vəkil Yalçın İmanov bildirib.

Onun sözlərinə görə, həmçinin müttəhimlər onların vəkillərinin prosesdə məcburi iştirakına etiraz edirlər, çünki onlar vəkillərdən imtina ediblər.

Müttəhimlər son iclas zamanı Bakı Ağır Cinayətlər Məhkəməsinin soyuq zirzəmisində saxlanmalarına etiraz edirlər. Zirzəmi soyuq və rütubətli olduğundan müttəhimlərin bəzisi xəstələnib.

Bu gün iclas müttəhimlərin iştirakı olmadan keçirilib. Vəkil Y.İmanov müttəhimlərin zala qaytarılması barədə vəsatət qaldırıb. Lakin hakim vəsatəti təmin etməyib.

Y.İmanovun sözlərinə görə, ümumilikdə məhkəmə vəkillərin 50-dən çox vəsatətini təmin etməyib. Bu vəsatətlər əlavə şahidlərin çağırılması, yolverilməz sübutların çıxarılması və s. ilə bağlıdır.

Müttəhimlərdən birinin vəkili Zibeydə Sadıqova məhkəmədən xahiş edib ki, müttəhimə anasının dəfn mərasimində iştirakı üçün icazə verilsin. Ancaq məhkəmə vəsatəti təmin etməyib və müttəhimin qardaşının onunla zirzəmidə görüşünə icazə verməyib.

Qeyd edək ki, bugünkü prosesə müttəhimlərin qohumları da buraxılmayıb.

Xatırladaq ki, “Nardaran işi” üzrə məhkəmədə“Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə, onun müavini Abbas Hüseynov və digər dindarlar, həmçinin AXCP sədrinin müavini Fuad Qəhrəmanlının cinayət işinə baxılır.

Onlar 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat ilə əlaqədar həbs olunublar.

Dindarlar bir sıra ağır cinayətlərdə, o cümlədən terrorizm, konstitusiya quruluşunun dəyişdirilməsinə cəhddə ittiham olunurlar.

XS
SM
MD
LG