Accessibility links

İran Azərbaycanında milli fəallar Abbas Lisani ilə görüşür


Milli fəallar Ərdəbil Həbsxanasından yeni məzuniyyətə çıxmış tanınmış güneyli siyasi məhbus Abbas Lisani ilə görüşürlər.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, 15, 20 və 25 fevral tarixlərində milli fəallar Abbas Lisanini evində ziyarət edib.

Abbas Lisanini ziyarət edən milli fəalların İran Azərbaycanının müxtəlif şəhərlərindən, o cümlədən Təbriz, Urmiyə, Ərdəbil, Parsabad, Meşginşəhr (Xiyav) kimi şəhərlərdən gəldikləri bildirilir.

Apellyasiya Məhkəməsi tərəfindən 15 il həbsə məhkum edilən güneyli siyasi fəal Lisani 13 fevraldan etibarən tibbi ekspert komissiyasının rəyi ilə 6 ay müddətində həbsxanadan kənar müalicə almaq üçün məzuniyyətdədir.

Siyasi məhbus Abbas Lisani onurğa bölgəsindən çəkdiyi əziyyətdən dolayı bel fəqərəarası disk yırtıqların əməliyyatı olmaq üçün tibbi ekspert komissiyasının rəyi əsasında məzuniyyətə buraxılıb.

Türk fəal 15 yanvar 2019-cu ilində ona qarşı qaldırılan bir iddia ilə əlaqədar Təbriz Məhkəməsinə müraciət etdiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, daha sonra isə Ərdəbil Həbsxanasına köçürülmüşdü.

Son 30 il ərzində dəfələrlə həbs edilən Lisani Apellyasiya Məhkəməsi tərəfindən 15 il həbsə məhkum edilsə də, İran qanunlarına görə ən ağır cəza, yəni 10 il həbs cəzasını çəkdikdən sonra sərbəst buraxılmalıdır.

Lisani 2019-cu ildə ilkin məhkəmə tərəfindən “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz qrup yaratmaq” ittihamından günahkar tanınaraq 8 il həbs və 2 il sürgünə məhkum edilib, daha sonra Apellyasiya Məhkəməsi türk fəalın həbs hökmünü cəmi 15 ilə yüksəldib. 2020-ci ilin iyulunda fəalın Apellyasiya Məhkəməsinin verdiyi hökmə şikayəti İran Ali Məhkəməsi tərəfindən təmin edilməyib.

Siyasi məhbus kəşfiyyat idarəsinin təcridxanasında və həbsxanada saxlanılırkən vəkillə təmin olunmaq, ailəsi ilə telefonla əlaqə saxlamaq və tibbi xidmətlərə çıxış kimi imkanından məhrum edilib.

XS
SM
MD
LG