Accessibility links

Adam Sterlinq: Jurnalistə qarşı hədələr mətbuat azadlığına və etik normalara ziddir


Baş Prokurorluq Xədicə İsmayılovanın şəxsi həyatına müdaxilə ilə bağlı cinayət işi qaldırıb.

Martın 15-də Azərbaycan Baş Prokurorluğu “Azadlıq” radiosunun Azərbaycan xidmətinin əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatına müdaxilə ilə bağlı cinayət işi qaldırıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Daxili İşlər Nazirliyindən daxil olan istintaq materiallarına əsasən Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması) ilə cinayət işi qaldırılıb. İş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna həvalə edilib.

Xatırladaq ki, Xədicə İsmayılova artıq bir həftədir şantaj edilir. Hüquq-mühafizə orqanları indiyədək ciddi reaksiya verməmişdi.

Martın 16-da jurnalist dindirilmək üçün bu gün şəhər prokurorluğuna dəvət olunub. Xanım İsmayılova Amerikanın Səsi radiosuna bildirib ki, istintaqa martın 17-də ifadə verəcək.

“Qarayaxma kampaniyasından sonra şəxsi həyatımla bağlı çirkin videoçarxa görə məsuliyyəti üzərindən atan hakimiyyətin səmimiyyətinə inanmıram”, - deyə o qeyd edib.

Çoxsaylı hüquq müdafiə təşkilatı, o cümlədən Amerikanın Azərbaycandakı səfirliyi jurnalistə qarşı baş verənləri pisləyib.

Amerikanın Azərbaycandakı səfirinin vəzifəsini iocra edən müvəqqəti işlər vəkili Adam Sterlinq bildirib ki, ABŞ səfirliyi jurnalist Xədicə İsmayılovaya qarşı bütün təzyiqləri, hədələri pisləyir və bunun mətbuat azadlığına və etik normalara zidd olduğunu hesab edir.

Bununla yanaşı, cənab Sterlinq Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov və Elnur Aslanovun bunu pisləməsini və baş prokurorun jurnalistin şəxsi həyatına müdaxilə faktı üzrə cinayət işi açılması barədə qərarını alqışlayıb.

Bu gün 30 tanınmış jurnalist və hüquq müdafiəçisi jurnalisti dəstəkləyən bəyanatla çıxış edib. Onlar prezident İlham Əliyevə təqsirkarları cəzalandırmaq və şəxsi həyatın toxunulmazlığını təmin etmək çağırışı ilə müraciət hazırlayıb.

“Amnesty İnternational” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Con Dalhuzen isə bildirib ki, azərbaycanlı jurnalist Xədicə İsmayılovaya qarşı təxribat və şantaj hakimiyyətdəki korrupsiya faktlarının araşdırılması ilə məşğul olan jurnalisti gözdən salmaq üçün çirkin bir cəhddir.

XS
SM
MD
LG