Accessibility links

Adil İsmayılov: İstintaq orqanı jurnalistin şəxsi həyatına müdaxilə ilə bağlı ikinci cinayət edib


Xədicə İsmayılova istintaq orqanının cinayətkarlarla əlbir olmasından şübhələndiyini deyib.

“İstintaq orqanı Xədicə İsmayılovanın şəxsi həyatına müdaxilə ilə bağlı ikinci cinayət edib. Qanunla şəxsi həyatın sirlərinin yayılması cinayət hərəkətidir və yaxın günlərdə Bakı şəhər Prokurorluğun şəxsi həyatın sirləri ilə bağlı məlumatı barədə məhkəməyə müraciət edəcəyik”. Bu bəyanatla bu gün Hollandiya Jurnalistika Məktəbində Bakı şəhər Prokurorluğunun aprelin 26-da “Azadlıq” radiosunun müxbiri Xədicə İsmayılovanın şəxsi həyatına müdaxilə ilə bağlı cinayət işinin istintaqı haqqında yaydığı məlumatla bağlı keçirilən mətbuat konfransında vəkil Adil İsmayılov çıxış edib.
Xədicə İsmayılova istintaq orqanının cinayətkarlarla əlbir olmasından şübhələndiyini deyib. “Hesab edirəm ki, prokurorluğun dünən yaydığı məlumat, mənə martın 7-də göndərilən hədə məktubunun davamıdır. İstintaqla cinayətkarların, eyni ilə də “Yeni Azərbaycan” və “İki Sahil” qəzetinin əlbir olmasından şübhələnirəm. Sifarişlər Prezident Administrasiyasından gəlir. Cinayətin açılacağında da ümid etmirəm. Sadəcə göstərmək istəyirəm ki, ölkədə vəziyyət necədir”.
Xatırladaq ki, Bakı şəhər prokurorluğunun 26 aprel tarixli məlumatı onun bu hədələr və mənzilində gizli videokameraların yerləşdirilməsi ilə bağlı şikayətinin təhqiqatına adi idi. Bütün bu faktları araşdırmaq yerinə, bu mənzildə yaşayanların, mənzilə gəlib-gedənlərin siyahısını yayıb. “İstintaq orqanı nəinki mənim, hətta dostlarımın da şəxsi həyatı ilə bağlı məlumatlar yayıb”, - deyə o qeyd edib.
Vəkil və jurnalist istintaq orqanının faktiki olaraq cinayətin açılması istiqamətində iş aparmadığını deyib. “İstintaq mənim şəxsi həyatımı araşdır. Amma, cinayətin açılması üçün yaşadığım evə əlavə telefon xətti çəkdirən şəxs tapılmalıdır. Bunun üçün isə əsaslar var. ATS-in sahə ustası Nurəddin Cəfərov bizə deyib ki, telefon xəttini 2011-ci il iyulun birinci ongünlüyündə şənbə günü çəkib. Usta evə buraxılmayıb və yaşadığım evdə adamlar olub. Usta həmin adamlarla iki dəfə telefonla danışıb. Həqiqətən də, iyulun birinci şənbəsi iyulun 2-də və ikinci şənbəsi 9-da mən xaricdə olmuşam”, - deyə jurnalist bildirib.
Telefon xətti 538 saylı ATS-dən çəkilib. “ATS-in rəhbərliyi dedi ki, bizdən nə istəyirsiniz? Bütün ATS-lərdə Milli Təhlükəsizlik Nazirliyinin otağı var”, - deyə o qeyd edib.
Jurnalist Moskvada da araşdırma aparıb. Məlum olub ki, Moskva Beynəlxalq Poçt şöbəsindən həmin gün Azərbaycana eyni çəkidə olan bir neçə məktub göndərilib. “Ən azı eyni çəkili 7 məktub Azərbaycana göndərilib. Məktublardan biri də “Azadlıq” qəzetinə daxil olub. Lakin, qəzet həmin məktubu məhv edib. Amma, “Yeni Müsavat” qəzetinə daxil olan məktub istintaqa təhvil verilib”, - deyə vəkil qeyd edib.
Vəkil həmçinin bildirib ki, jurnalistin yaşadığı mənzildə çəkiliş iyulun 7-də olub və mənzildə yerləşdirilmiş videokameralar 2012-ci il yanvarın 23-dən tez yığışdırılmayıb. “Mənzildə həm yataq, həm də qonaq otağında gizli kamera olub. Kameralar yığışdırıldıqdan sonra divarda açılmış yuvalara yerləşdirilmiş qəzetlərin üzərində yanvarın 23-də dərc edilməsi barədə tarix var”, - deyə A.İsmayılov bildirib.
Xədicə İsmayılova bildirib ki, onunla bağlı vaxtı ilə Azadlıq qəzetinin müxbiri Aqil Xəlil barədə quraşdırılmış uydurma işlər də təşkil oluna bilər. “Bütün bunlar məni araşdırmalarımdan çəkindirə bilməz. Dünən prezidentin saatı ilə bağlı mətbuat xidmətinin rəhbəri Azər Qasımovun bəyanatından sonra, mən də sorğu ilə müraciət etmişəm. Ümid edirəm ki, mənim araşdırmamla bağlı sorğuya da cavab verəcəklər”, - deyə o qeyd edib.
Mətbuat konfransında eyni zamanda istintaqın mahiyyəti üzrə aparılmaması, Xədicə İsmayılovanın dəfələrlə müraciətindən sonra onun dindirilməsi, Bakı şəhər prokurorunun müavini və müstəntiqdən Baş Prokurora edilən şikayətə hələ də cavab verilməməsi və başqa məsələlərə də toxunulub. Mətbuat konfransında həmçinin diplomatik korpusların nümayəndələri də iştirak edib.

XS
SM
MD
LG