Azərbaycan Dağınıq Oda (ADO) teatrının yaradıcısı Elmin Bədəlov iyulun 15-də küçə nümayişindən sonra polis tərəfindən saxlanılıb.
Aktyor 3 saat polisdə saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Belə ki, Elmin Bədəlov iyulun 15-də teatrın 9-cu sezonunu açıq elan edib.
“Bunker” adlı rəqs-performansını göstərdiyinə görə, əraziyə gələn polislər performeri saxlayıb. Performerin saxlanılması tamaşaçıların narazılığına səbəb olub. Bu zaman tamaşaçı Kamran Məmmədli də polis tərəfindən saxlanılıb.
Onlar Səbail Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində 3 saata yaxın saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Elmin Bədəlov, dünən, iyulun 16-da yenidən polisə dəvət edilib.
“Orada izahat yazdım. Daha sonra sərbəst buraxıldıq. Sonra təkrar gəlməyimizi istədilər. Belə başa düşdüm ki, profilaktik söhbət aparmaq istəyirlər,” Elmin Bədəlov qeyd edib.
Bədəlov iyulun 16-da yenidən Bakı şəhər Baş Polis İdarəsində olub.
“Mənimlə profilaktik söhbət apardılar və sonra sərbəst buraxdılar,” o Amerikanın Səsinə deyib.
ADO teatrı 9 il əvvəl iyulun 15-də yaradılıb. Teatr pandemiya və maddi çətinliklər səbəbindən ofisini itirib.