Accessibility links

ADR Hərəkatı: Balinalar qalır, balıqları ovlayırlar


“Əgər doğrudan da korrupsiyaya qarşı mübarizə aparmaq istəyirlərsə onda 2020-ci ilin dövlət büdcəsinin 4,9 milyard manatlıq tikinti və şəhərsalma xərclərinin heç olmazsa layihələr və icraçılar üzrə təsnifatı Milli Məclisdə açıqlanmalı, bu layihələrin smeta dəyərlərinin və icraçılarının müəyyənləşdirilməsi şəffaf və açıq tenderlərdə sağlam rəqabət əsasında həyata keçirilməlidir.”

Bu bəyanatla Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisad elmləri doktoru Qubad İbadoğlu çıxış edib.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı alim yazır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı video görüntülərdə keçmiş mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov "cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verildiyini" deyir.

Onun sözlərinə görə, rayonlarda müəyyən cari təmir işləri üçün pul ayrılır və il ərzində 40-45 müəssisə təmir olunurdu. "Bu məbləğin 10 faizini idarə rəisləri nazirliyə dəstək kimi verirdilər".

İbadoğlu bildirir ki, 2020-ci ildə Dövlət İnvestisiya Proqramına daxil olan investisiya layihələrinin sahələr üzrə proqnozlaşdırılan vəsaitlərin həcmi və mənbəyi barədə məlumatdan görsənir ki, bu il ərzində mədəniyyət obyektlərinin tikintisi, bərpası və yenidən qurulması üçün 37 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

“Geri qayıdan və son təyinatından kənarlaşdırılan vəsaitin ayrılanın 10 faizi olduğunu inanmasam da hətta bu hesabla mədəniyyət nazirliyi 3,7 milyon manat dəstək vəsaitindən məhrum olub.

Həbsə göndərilən mədəniyyət nazirinin müavini dövlət büdcəsinin investisiya xərclərindən ən az pay götürəndir. Əslində bu nazirliyə ayrılan pul dəryada bir damla qədərdir.
Qubad İbadoğlu, ADR Hərəkatının rəhbəri

”İqtisadçı yazır ki, cari ildə investisiya büdcəsindən energetika və sənaye layihələrinə 100 milyon manat, səhiyyə obyektlərinin təmiri və tikintisinə 117 milyon manat, kənd təsərrüfatına 136,3 milyon manat, idman obyektlərinin tikintisi, yarışların keçirilməsi üçün 200 milyon manat, təhsil müəssisələrinin təmiri və tikintisinə 256,3 milyon manat, su ehtiyatları və irriqasiyaya 300 milyon manat, kommunal infrastruktur üçün 546,9 milyon manat, nəqliyyatda infrastruktur layihələrinə isə 2 milyard 614 milyon manat nəzərdə tutulub.

“Baxanda görəcəksiniz ki, həbsə göndərilən mədəniyyət nazirinin müavini dövlət büdcəsinin investisiya xərclərindən ən az pay götürəndir. Əslində bu nazirliyə ayrılan pul dəryada bir damla qədərdir. Ona görə də balinalar qalıb, hələ ki, balıqları ovlayırlar,” o qeyd edib.

Dövlət Təhlükəsizliyi Xidməti son aylarda dörd rayonda icra hakimiyyətlərinin, mədəniyyət nazirliyinin, Dövlət Sərhəd Xidmətinin binalarında istintaq-əməliyyat tədbirləri keçirib. Artıq beş rayonun (Akstafa, Yevlax, Biləsuvar, Neftçala və İmişli) icra hakimiyyəti başçıları, mədəniyyət nazirinin müavini, Dövlət Sərhəd Xidmətinin rəis müavini və digər yüksək vəzifəli şəxslər təkrar rüşvət almaq, vəzifədən su-istifadə və mənimsəmə ittihamı ilə həbs edilıib.

DTX-nin rüşvətxoru saxlaması səhməsi (Karikatura Gündüz Ağayevindir)
DTX-nin rüşvətxoru saxlaması səhməsi (Karikatura Gündüz Ağayevindir)

İcra hakimiyyəti başçılarından və mədəniyyət nazirliynin vəzifəli şəxslərindən rüşvət kimi topladığı iddia edilən külli miqdarda nağd pul götürülüb.

Mayın 21-də Əbülfəs Qarayev mədəniyyət naziri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev may ayında yerli icra hakimiyyətləri başçılarının təyinatı zamanı deyib ki, bir çox rayonlarda yararsız vəziyyətə düşən çoxmərtəbəli binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi üçün onun sərəncamı ilə milyonlarla manat vəsait ayrılıb.

“Amma sonra bəlli olur ki, o binalarda dövlət tərəfindən mənzillərlə təmin edilən insanlardan pul alınıb. Dövlət pul ayırır, rayon icra hakimiyyəti tikinti ilə məşğul olur. Tikintilərdə də nə qədər pozuntular var, nə qədər pul mənimsənilir, bütün bu faktların hamısı üzə çıxır. Ondan sonra da o mənzillər ki, pulsuz verməlidirlər həmin insanlara, onlardan da rüşvət tələb olunur. Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm.

Həm tikintidə pul oğurlanır, həm də mənzillər rüşvət müqabilində paylanılır. Deməli, insanlardan pul qopardılır. İndi təftiş aparılır və bütün bu pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək.
İlham Əliyev, Azərbaycan prezidenti

Prezident son 17 il ərzində bölgələrdə görülən işlərdən danışarkən icra hakimiyyətlərinin fəaliyyətinə də toxunub: "Biz qazlaşdırmanı təxminən 100 faizə çatdırmışıq, 3500-dən çox məktəb, 700-dən çox tibb ocağı, 50-yə yaxın Olimpiya İdman Mərkəzi, nə qədər Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər tikilib. Bütün bunları biz mənim bilavasitə göstərişimlə dövlət büdcəsi hesabına etmişik. İndi baxaq görək icra başçıları nə iş görüblər, hansı daşı daş üstünə qoyublar".

Əliyevin sözlərinə görə, indi bütün bu işlər təftiş edilir: "Mənim ayırdığım vəsait hesabına tikilmiş evlər, yəni, qəzalı evlərin əvəzinə tikilmiş evlərin tikintisində də oğurluq baş verir, həm tikintidə, həm də ki, ondan sonra mənzillərin bölüşdürülməsində. Bu evlərin insanlara tamamilə pulsuz verilməsi nəzərdə tutulubdur. Amma həm tikintidə pul oğurlanır, həm də mənzillər rüşvət müqabilində paylanılır. Deməli, insanlardan pul qopardılır. İndi təftiş aparılır və bütün bu pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək. İcra başçısı ona göstərilən etimadı öz işi ilə doğrultmalıdır".

Dövlət başçısı xoşagəlməz halların təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da olduğunu deyib.

XS
SM
MD
LG