Accessibility links

ADR Hərəkatının fəalı həbsə məhkum edilib


Vəfadar Əliyev

Bu gün, aprelin 9-da Bakının Binəqədi rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Binəqədi rayon təşkilatının İdarə Heyətinin üzvü Vəfadar Əliyevi İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Bu barədə Amerikanın Səsinə vəkil Fəxrəddin Mehdiyev bildirib.

Mehdiyev məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

ADR Hərəkatının məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları aprelin 8-də Vəfadar Əliyevi heç bir izahat vermədən evindən aparıblar.

“Bütün dünya koronavirusla mübarizə aparır, Azərbaycan hakimiyyəti də fürsətçilik edib, müstəqil və müxaif fikir sahiblərini cəzalandırmaqla məşğuldur. Buna son qoyulmalıdır, Vəfadar bəy, Şakir bəy, Tofiq bəy, İlkin bəy və digər fəallar qeyd-şərtsiz azad olunmalıdır,” ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu fəalın saxlanılmasına münasibət bildirib.

Rəsmi qurumlar ADR Hərəkatının fəalının saxlanılması barədə hələ açıqlama verməyib.

Xatırladaq ki, karantin rejimi dövründə ADR Hərəkatının daha bir fəalı Şakir Məmmədli 15 sutka inzibati həbsə məhkum edilib, 2 fəalı cərimələnib, 3 fəalına isə xəbərdarlıq edilib.

XS
SM
MD
LG