Accessibility links

Afşar Abbasi: `Yetərlilik testi` fars olmayanları `farslaşdırmaq` deməkdir


Afşar Abbasi: `Yetərlilik testi` fars olmayanları `farslaşdırmaq` deməkdir
please wait

No media source currently available

0:00 0:14:51 0:00

İran Azərbaycanında milli fəallar Təhsil Nazirliyinin təklifi ilə etnik azlıqlara mənsub uşaqlar arasında fars dilində “yetərlilik testi”nin tətbiq edilməsindən narahatlıqlarını ifadə edərək, bunu etnik azlıqlara qarşı ayrı-seçkilik siyasətinin daha bir nümunəsi kimi qiymətləndirir. Hazırda test artıq İran Azərbaycanının bir sıra bölgələrində tətbiq edilməyə başlanıb. Fars dili testini keçməyən uşaqların ibtidai məktəbə qəbul edilmədiyi bildirilir. Milli fəal Afşar Abbasi Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibəsində fars dilində yetərlilik testi və buna cəmiyyətdə reaksiyalardan danışıb.

“Bu testin adına nə qədər dil, ya da `fars dilində yetərlilik testi` desələr də, bunun açıqca bir adı var, o da fars olmayanları farslaşdırmaqdır” – deyə, Afşar Abbasi bildirib.

Milli fəalın bildirdiyinə görə, fars dilində “yetərlilik testi”nin keçirilməsi ailələr arasında böyük narahatlıqla qarşılanıb.

“Yavaş-yavaş ailələrin içinə vəhşət salmaq istəyirlər. Ailələri qorxutmaq istəyirlər. Sanki nəbz tuturlar, yoxlayırlar.”

Afşar Abbasi bildirib ki, testin “sağlamlıq testi”nə əlavə edilməsi və testi keçməyən uşaqların “əqli baxımdan problemli” uşaqların təhsil aldığı tədris müəssəsinə göndərilə bilməsi ailələrdə narahatlıqların daha da artmasına səbəb olur.

Ailələri bir durumda buraxıblar ki, ailələr uşaqlarına əqli cəhətdən inkişaf etməmiş uşaq damğası vurulmasın deyə, öz uşaqları ilə farsca danışmağı gərək görürlər.

“Şahidlərin biri deyir ki, uşaqlardan birinin atası təhsil idarəsinə gəlib. `Fars dilində yetərlilik testi`ndən qalan uşağın atası bağırırmış ki, `mənim uşağım yetərsiz deyil, zehnində bir problem yoxdur, hətta farscanı da bilir. Sadəcə, uşağımı təkbaşına bir otağa apardıqları üçün uşağım qorxub və cavab verə bilməyib.` Buradan görürük ki, uşaqlar üçün necə bir travma yaradırlar.”

Afşar Abbasi valideynlərin testin keçirilməsini ayrı-seçkilik kimi qarşıladığını və böyük təzyiqlə qarşılaşdıqlarını deyib.

“İndi bu test əsasında ailələri bir durumda buraxıblar ki, ailələr uşaqlarına əqli cəhətdən inkişaf etməmiş uşaq damğası vurulmasın deyə, öz uşaqları ilə farsca danışmağı gərək görürlər.”

Afşar Abbasi “uşaqların testdən keçməsini təmin etmək üçün təzyiq qarşısında qalan” Azərbaycan ailələrində ənənəvi olaraq ana dili deyil, daha çox fars dilindən istifadə edilə biləcəyini gözlədiyini bildirib.

Onun sözlərinə görə, İranda azərbaycanlı milli fəallar da daxil olmaqla, etnik azlıqların haqlarını müdafiə edən fəallar “fars dilində yetərlilik testi”ni fundamental hüquqların pozulması kimi qiymətləndirir.

O, beynəlxalq ictimaiyyətin hazırda diqqəti daha çox İranla nüvə razılaşmasına yönəltdiyini və məsələyə kifayət qədər reaksiya göstərmədiyini bildirib.

XS
SM
MD
LG