Accessibility links

Əfqanıstanda rəqib namizədlər hakimiyyət bölgüsünə dair saziş imzalayıb


Əfqanıstanın müstəqil seçki komissiyası keçmiş maliyyə naziri Əşrəf Qanini ölkənin yeni seçilmiş prezidenti adlandırıb, lakin seçkinin yekun nəticələrini açıqlamayıb.

Seçki komissiyası bunu cənab Qani və seçkilərdə digər namizəd Abdulla Abdullanın Milli Birlik hökumətinin yaradılması üçün hakimiyyət bölgüsünə dair sazişə imza atmasından sonra elan edib. Rəqib namizədlərin sazişi imzalaması ilə iyunun 14-də təkrar seçkilərdən sonra yaranmış siyasi mübahisələrə son qoyulur.

Sazişə əsasən, cənab Qani ölkə prezidenti olur və cənab Abdullaya ölkəni idarə etmək üçün prezidentlə yaxından iş aparan icraçı funksiya verilir. Sazişin bütün detalları hələlik ictimaiyyət üçün açıqlanmayıb.

Yeni prezident və baş icraçı 2011-ci ildə ABŞ-ın başçılığı ilə koalisiyanın Talibanı hakimiyyətdən devirməsindən sonra ölkə prezidenti olan Həmid Karzaini əvəz edəcək.

ABŞ Dövlət katibi Con Kerri iyul ayında Əfqanıstana səfəri zamanı namizədləri hakimiyyət bölgüsünə razı salıb və bunun gerçəkləşməsi istiqamətində iş aparıb.

Con Kerri bazar günü açıqladığı bəyanatda yeni prezidentin inaqurasiyası, baş icraçının təyin olunması və ABŞ və Əfqfanıstan arasında təhlükəsizliyə dair ikitərəfli müqavilənin imzalanmasının Əfqanıstanla tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsində yeni bir səhifə açacağını bildirib.

Con Kerri cənab Qani və cənab Abdulla haqda yüksək fikir söyləyərək, “onların Əfqanıstan xalqını birinci birinci yerə qoyaraq, ölkədə dinc demokratik keçidin milli birlikdən başladığına təminat verdiyini” bəyan edib.

XS
SM
MD
LG