ABŞ Əfqanıstanda əsas hərbi həbsxanaların əfqan rəsmilərinə təhvil verilməsinə razılıq verərək, iki ölkə arasında strateji müqavilənin imzalanmasına yol açıb.
Əfqanıstanın müdafiə naziri general Əbdül Rəhim Vardak və yüksək rütbəli Amerika hərbi komandiri, general Con Allen altı ay ərzində Pərvan vilayətində yerləşən Baqram hərbi hava bazasındakı həbsxanaya nəzarətin əfqan rəsmilərinə təhvil verilməsinə dair anlaşma haqda memorandum imzalayıblar. General Allen deyib ki, memorandum strateji tərəfdaşlığa dair danışıqlarda irəliyə doğru mühüm addımdır.
Bu həftənin əvvəli Əfqanıstanın Xarici İşlər Nazirliyinin rəsmiləri həbsxanaların əfqan rəsmilərinin nəzarətinə keçməsi və beynəlxalq qüvvələr tərəfindən gecə reydlərinin həyata keçirilməsi barədə mübahisələrin ABŞ-Əfqanıstan münasibətlərinə mənfi təsir göstərdiyini deyib.
2014-cü ilədək bütün xarici hərbi qüvvələrin Əfqanıstandan çıxarılmsaı nəzərdə tutulub.