Accessibility links

Kabildə məsciddə partlayış azı 10 nəfərin ölümünə səbəb olub


Müqəddəs Ramazan ayı ərzində Əfqanıstanın ibadət yerləri və mülki əhalini hədəf alan hücumların ardı-arası kəsilmədiyi bir vaxt, rəsmilər Kabilin qərbindəki məsciddə cümə namazı zamanı baş verən güclü partlayışın azı 10 nəfər ölümünə, 15 nəfərin yaralanmasına səbəb olduğunu bildirib.

Daxili İşlər Nazirliyi sözçünün müavini Bismullah Həbibin dediyinə görə, partlayış Kabilin qərbindəki Xəlifə Sahib məscidində yerli vaxtla gündüz saat 14 radələrində baş verib.

Həmin vaxt məscidin içərisində olan bir nəfər Reuters agentliyinə deyib ki, namaz zamanı güclü partlayış baş verib və onun ayaqları, əlləri yanıb.

Yaxınlıqda yaşayan Məhəmməd Sabir partlayışdan sonra insanların təcili yardım maşınlarına yerləşdirildiyini gördüyünü deyib. "Partlayış çox güclü idi, qulaq pərdələrimin çatladığını düşündüm" deyə, bildirib.

Adının çəkilməsini istəməyən yaxınlıqdakı xəstəxananın tibb bacısı hücum nəticəsində ağır yaranan bir neçə nəfərin qəbul edildiyini deyib.

Son həftələr partlayışlarda onlarla mülki vətəndaş həlak olub. Bəzi hücumların məsuliyyətini İslam Dövləti qrupu öz üzərinə götürüb.

Əfqanıstanda avqust ayında hakimiyyəti ələ keçirən Taliban ölkədə təhlükəsizliyi təmin etdiyini və İslam Dövləti qrupunun yerli qolunu böyük hissəsini məhv etdiyini desə də, beynəlxalq rəsmilər və analitiklər militantların yenidən canlanma riskinin olduğunu deyir.

Hücumların çoxu şiə dini azlığı hədəf alıb. Lakin sünni məscidlərinə də hücumlar edilib.

Cümə axşamı ölkənin şimalındakı Məzari-Şərif şəhərində şiə müsəlmanların olduğu iki maşına yerləşdirilmiş bombaların partlaması nəticəsində azı 9 nəfər ölüb. Keçən cümə günü Qunduz şəhərindəki sünni məscidində cümə namazı zamanı baş verən partlayış isə 33 nəfərin ölümünə səbəb olub.

XS
SM
MD
LG