Əfqanıstanda müharibənin nəticələri mülki vətəndaşlara ağır təsir göstərir. Lakin zorakılıqlar və sosial təzyiqlərə baxmayaraq, əsasən gənc qızlardan ibarət orkestrin ifaçıları mühafizəkar müsəlman cəmiyyətində müharibənin qoyduğu yaraların sağalması və qadınların hüquqlarının qorunması üçün musiqinin gücündən istifadə etməyə davam edir.
“Zöhrə” adı ilə tanınan bu orkestr 2014-cü ildə Əfqanıstan Milli Musiqi İnqstitutunuin nəzdində yaradılıb.
İntiharçı bomba hücumları Kabildə adi hal olsa da, buradakı tələbələr və müəllimlər inamlarını itirməyərək, şəhərin bu yeganə institutunda müntəzəm olaraq məşq edir və yeni dərslər keçir. Negin Xpolvak: “Bəli, mən ümidimi itirmirəm, çünki biz ayağa qalxmalı və digər əfqan qızlar üçün qapıları açmalıyıq. Çünki hər kəs evdə qalarsa, heç kim öz hüquqları uğrunda mübarizə apara bilməz.”
Negin Xpolvak on illərdir davam edən müharibənin ağır yükünü ən çox öz üzərində daşıyan bir ölkədəki orkestrin ilk qadın dirijorudur.
"Bu orkestr bugünkü Əfqanıstanın və sabahın Əfqanıstanının simvoludur. Bu orkestrdə Əfqanıstanın müxtəlif etnik qruplarını təmsil edən oğlan və qızları görə bilərsiniz. Bu, gələcəyə ümiddir” deyə, Əhməd Nasir Sərməst bildirir.
“Zöhrə” orkestrinin təməlini instituta başçılıq edən müsiqişünas Əhməd Nasir Sərməst qoyub. Bir çox çətinliklərə baxmayaraq, o, tələbələrin siyahısının artdığını və daha çox valideynin uşağının müsiqi təhsili almasını istədiyini deyir. “Mən musiqi və mədəniyyət olmadan xalqın öz təhlükəsizliyini qoruya biləcəyinə inanmıram. Biz Əfqanıstanda sabitliyin və sülhün bərqərar olması üçün musiqisinin yumşaq gücündən istifadə edəcəyik .”
Negin Xpolvak: “Bəli, hər gün əlində alət məktəbə gedərkən və ictimaiyyət qarşısında konsert verərkən nalayiq sözlər eşidirsiniz. Belə sözlər musiqiçiyə deyilir. Lakin biz buna məhəl qoymuruq.”
“Zöhrə” orkestri bir çox ölkədə konsertlər verib. Bu yaxınlarda orkestr ilk dəfə hələ də milyonlarla əfqan qaçqının sığınacaq tapdığı Pakistanda olub. Əfqan orkestrinin bəzi üzvləri də qaçqın düşərgələrində doğulub, boya-başa çatıb.
“Biz musiqinin gücünə inanırıq. Biz musiqinin gücü ilə əfqan xalqının olduğu kimi, Pakistan xalqının da yaralarını sağaltmaq istəyirik. Biz buraya sülh, qardaşlıq və azadlıq mesajı ilə gəlmişik " deyə, Əhməd Nasir Sərməst bildirir.