Accessibility links

Taliban əfqan qadınlarının təhsilinə qoyduğu “müvəqqəti” qadağa ilə bağlı məsələnin üzərində işlədiyini deyir


Əfqanıstanı idarə edən Taliban cümə axşamı qadınların təhsilinə qoyulan qadağanın yumşaldıla biləcəyini, "bu müvəqqəti addımın" həlli üçün işlərin aparıldığını bildirib.

Bu bəyanat əhalisinin əksəriyyəti müsəlman olan ölkələrin alyansının İslamçı qrupun qızların təhsilinə və qadın yardım işçilərinə qoyduğu qadağaları ləğv etməklə bağlı çağırışlarına cavab olaraq verilib.

Səudiyyə Ərəbistanında yerləşən 57 üzvdən ibarət "İslam Əməkdaşlıq Təşkilatı" (İƏT) Talibanın qadınlara qarşı tətbiq etdiyi məhdudiyyətləri müzakirə etmək üçün çərşənbə günü komitəsinin növbədənkənar "fövqəladə iclasını" çağırıb.

"İslam Əməkdaşlıq Təşkilatı"nın iclasından sonrakı bəyanatda qadağaların İslam qanunlarının və Məhəmməd peyğəmbərin "metodologiyasının" pozulması kimi qiymətləndirildiyi bildirilib və Talibana qadınların təhsil və işləməsini qadağan edən qərarlarına yenidən baxmaq çağırışı edilib.

"İslam Əməkdaşlıq Təşkilatı" Əfqanıstanda qadınların təhsilinin dayandırılması, eləcə də bütün milli və beynəlxalq qeyri-hökumət təşkilatlarına [QHT-lərə] növbəti xəbərdarlığa qədər qadın işçilərin işinin dayandırılmasına yönələn qərardan məyus olduğunu bildirir" - deyə, bəyanatda bildirilib.

Talibanın baş sözçüsü Zabihulla Mücahid cümə axşamı buna cavab olaraq hökumətinin "İslam Əməkdaşlıq Təşkilatı"nın iclasını və bəyannaməsini alqışladığını desə də, mediaya verdiyi açıqlamada beynəlxalq ictimaiyyəti Əfqanıstanın "daxili işlərinə qarışmamağa" çağırıb.

"Bu təşkilatın qadınların təhsili ilə bağlı narahatlığını başa düşmək olar. Lakin İslam Əmirliyi müvəqqəti bir addım atıb və problemi həll etmək üçün şərait yaratmağa çalışır" - deyə, Mücahid Kabildə Talibanın yalnız kişilərdən ibarət administrasiyasının rəsmi adından istifadə edərək bildirib.

İslam Əməkdaşlıq Təşkilatı çərşənbə günü bildirib ki, təşkilatın mesajını birbaşa Taliban rəhbərliyinə çatdırmaq üçün Əfqanıstan üzrə xüsusi elçisini Kabilə göndərmək qərarına gəlib.

Taliban 2021-ci ilin avqustunda hakimiyyətə qayıtdıqdan sonra yeniyetmə qızların orta məktəbə və bir çox qadının işə getməsi kimi maneələr daxil olmaqla, qadınlara qarşı geniş qadağalar tətbiq etməyə başlayıb.

Keçən ay İslamçı hökumət qəflətən qadınların universitetlərdə təhsil almasına qeyri-müəyyən müddətə qədər qadağa qoyulması əmrini verib. Taliban eləcə də hicab taxmadıqlarını və ya İslamin digər rəsmi şəriət qaydalarına hörmət etmədiklərini deyərək, əfqan qadınlarına Qeyri Hökumət Təşkilatlarında (QHT) işləməyi qadağan edib.

QHT-lərə qadağa əsas beynəlxalq humanitar qrupları qadın işçilər olmadan işləyə bilməyəcəklərini bildirərək, Əfqanıstandakı əməliyyatlarını dayandırmaq məcburiyyəti qarşısında qoyub.

Heç bir xarici hökumət əsasən insan haqları ilə bağlı narahatlıqlar və əfqan qadınlarına münasibətlə bağlı Taliban administrasiyasına rəsmi legitimlik verməyib. Taliban dəfələrlə öz siyasətini müdafiə edərək, Əfqanıstanı yerli mədəniyyətə və şəriətə uyğun olaraq idarə etdiyində təkid edib.

XS
SM
MD
LG