Accessibility links

Taliban sözçüsü bütün qızların tezliklə məktəblə gedə biləcəyinə söz verib


Əfqanıstanın yeni Taliban hökumətinin nümayəndələri martın sonundan başlayaraq ölkənin hər yerində qızlar üçün bütün məktəbləri aça biləcəklərinə ümid etdiklərini deyib. Bu barədə hökumətin sözçüsü şənbə günü Associated Press agentliyinə müsahibədə bildirərək, beynəlxalq ictimaiyyətin əsas tələbini yerinə yetirmək üçün ilk müddəti göstərib.

Avqustun ortalarında Taliban hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstanın əksər hissəsində qızların 7-ci sinifdən sonra məktəbə qayıtmasına icazə verilmir. Talibanın idarə etdiyi administrasiyanı rəsmən tanımaq istəməyən beynəlxalq ictimaiyyət onların 20 il əvvəl hakimiyyəti zamanı olduğu kimi sərt tədbirlər tətbiq edə biləcəyindən ehtiyat edir. O zaman qadınlara oxumaq, işləmək, ictimai həyatda iştirak etmək qadağan edilmişdi.

Talibanın mədəniyyət və informasiya nazirinin müavini olan Zabihullah Mücahid deyib ki, təhsil şöbələri martın 21-də Əfqanıstanda başlayan Yeni ildən sonra sinif otaqlarını bütün qızlar və qadınlar üçün açmağı qarşıya məqsəd qoyub. Əfqanıstanda da qonşu İran kimi hicri-şəmsi təqviminə riayət edilir.

Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid Associated Press agentliyinə müsahibə verir, 15 yanvar, 2021.
Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid Associated Press agentliyinə müsahibə verir, 15 yanvar, 2021.

O, qızların və oğlanların məktəblərdə tamamilə ayrılmalı olduğunu bildirərək, hazırda ən böyük çətinliyin qızların təhsil aldığı zaman qala biləcəyi yataqxanalar üçün kifayət qədər binaların tapılması və ya tikilməli olmasından ibarət olduğunu əlavə edib.

Onun sözlərinə görə, əhalinin sıx məskunlaşdığı ərazilərdə oğlanlar və qızlar üçün ayrıca sinif otaqlarının olması kifayət deyil, “ayrıca məktəb binalarına ehtiyac var”.

“Biz təhsilin əleyhinə deyilik” - deyə, Mücahid Kabildə bir zamanlar Əfqanıstan Baş Prokurorunun ofislərinin, hazırda isə Talibanın mədəniyyət və informasiya nazirliyinin yerləşdiyi mərmər döşəməli binadakı ofisində danışarkən bildirib.

Talibanın qərarları indiyə qədər qeyri-sabit olub və vilayətdən-vilayətə fərqlənir. Ölkənin 34 vilayətindən təxminən 10-u istisna olmaqla, qızlar 7-ci sinifdən sonra dövlət məktəblərində dərslərə buraxılmır. Paytaxt Kabildə özəl universitetlər və orta məktəblər fasiləsiz işi davam etdirir. Bunlar əsasən kiçik məktəblərdir və qızlar və oğlanlar üçün sinif otaqları həmişə ayrıdır.

“Biz gələn ilə qədər bu problemləri həll etməyə çalışırıq ki, məktəblər və universitetlər açılsın”, Mücahid bildirib.

Beynəlxalq ictimaiyyət Talibanın bəyanatlarına şübhə ilə yanaşır və onlar haqda hərəkətlərinə görə fikir yürüdülücəyini bildirir.

XS
SM
MD
LG