Accessibility links

Milyonlarla əfqan fəlakətli aclıqla üzləşir


BMT-nin Əfqanıstandakı yüksək səviyyəli rəsmisi bazar ertəsi bildirib ki, qış yaxınlaşdıqca və humanitar maliyyə vəsaiti azaldıqca milyonlarla əfqan aclıq astanasındadır.

BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini və humanitar koordinatoru Ramiz Ələkbərov Kabildən video vasitəsilə jurnalistlərə deyib ki, “vəziyyəti əsl fəlakət kimi təsvir etmək olar”.

Onun sözlərinə görə, ölkədə 19 milyon insan ərzaq çatışmazlığından əziyyət çəkir və onlardan 6,6 milyonu aclığın astanasındadır. Problem getdikcə ciddiləşir, Əfqanıstanın 40 milyon sakininin 35 milyonu yoxsulluq içində yaşayır, əsas ərzaq məhsullarının qiyməti isə təxminən 30% bahalaşıb.

Ələkbərov vəziyyətin pisləşməsinin ölkədə ümumi iqtisadi tənəzzülünün təzahürü olduğunu deyib.

Son iki onillikdə ölkə iqtisadiyyatı xarici yardımdan çox asılı olub. Keçmiş hökumətin büdcəsinin təxminən 75%-i, ümumi daxili məhsulun 40%-i donorlar tərəfindən maliyyələşdirilirdi.

Taliban bir il əvvəl hakimiyyəti ələ keçirdikdən sonra əksər beynəlxalq yardımların dayandırılması elektrik enerjisi, səhiyyə xidmətləri və təhsil də daxil olmaqla, bir çox əsas xidmətlərin dayandırılmasına səbəb olub. Ölkədə inflyasiya səviyyəsi həddindən artıq yüksəkdir və adi malların qiyməti əfqanların əksəriyyəti üçün çox bahadır.

Taliban hakimiyyətə gələndən bəri siyasi böhranla yanaşı ölkədə zəlzələ və şiddətli daşqınlar olub. Əfqanıstan 2021 və 2018-ci illərdə baş vermiş iki güclü quraqlığın təsirindən hələ də əziyyət çəkir.

Fermerlər gübrə və pestisid çatışmazlığı, eləcə də mal-qara arasında xəstəliyin yayılması kimi problemlərlə üzləşir.

BMT-nin baş katibi Antonio Quterreş dəfələrlə dondurulmuş valyuta ehtiyatlarının sərbəst buraxılmasına və ölkənin Mərkəzi Bankı ilə yenidən əlaqə qurmağa, eləcə də çökmüş iqtisadiyyata xaricdən valyuta köçürülməsinə çağırıb.

Yardım pullarının Talibanın əlinə keçməsi ilə bağlı narahatlıqlara baxmayaraq, donorlar səxavətli olub. BMT bu il humanitar yardım üçün 4,4 milyard dollar istəyib və indiyədək təxminən 1,8 milyard dollar əldə edib. Lakin 2,6 milyard dollar maliyyə çatışmazlığı xüsusilə sərt qış aylarında insanların həyatlarını itirmələrinə səbəb ola bilər.

Ələkbərov cavab tədbirlərini genişləndirmək üçün BMT-yə daha çox resurs lazım olduğunu vurğulayıb. Təşkilat son bir ildə 23 milyona yaxın insana ən azı bir formada yardım çatdırıb.

Narahatlıqlara baxmayaraq, yardımın yayındırılması ilə bağlı heç bir məlumat verilməyib və BMT ciddi monitorinq sistemini saxlayır.

XS
SM
MD
LG