Accessibility links

Əfqanıstanda məsciddə partlayış zamanı, uşaqlar da olmaqla, 33 nəfər ölüb


İslam Dövləti qrupunun iki ayrı ölümcül bomba hücumunun məsuliyyətini öz üzərinə götürməsindən bir gün sonra Əfqanıstanın şimalında cümə namazı zamanı məsciddə törədilən partlayış 33 nəfərin ölümünə, 43 nəfərin yaralanmasına səbəb olub.

Taliban döyüşçüləri keçən il ABŞ-ın dəstəklədiyi hökuməti devirdikdən və Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra bomba hücumlarının sayı azalsa da, cihadçı və sünni İslam Dövləti qrupu imansız hesab etdikləri hədəflərə hücumlarını davam etdirir.

Talibanın sözçüsü Zabihulla Mücahidin Twitter səhifəsində yazdığına görə, şimaldakı Qunduz vilayətində məsciddə baş verən partlayışda ölən 33 nəfər arasında uşaqlar da olub.

“Biz bu cinayəti qınayır və itki verənlərə dərin hüznlə başsağlığımızı bildiririk” deyə, o yazıb.

Sosial mediada yayılan və dərhal təsdiqlənməsi mümkün olmayan görüntülərdə Qunduz şəhərinin şimalında, sufilərin məşhur Mövləvi Saykəndər məscidinin divarlarında dəliklər müşahidə etmək olub.

İslam Dövləti qrupu kimi cihadçı qruplaşmalar kafir hesab etdikləri sufilərə dərin nifrət bəsləyir və ölülərdən şəfaət istəmələrini İslam dinində ən böyük günah olduğunu deyir.

“Məsciddəki mənzərə dəhşətli idi. Məscidin daxilində ibadət edənlərin hamısı ya yaralanıb, ya da həlak olub” - məscidin yaxınlığındakı mağazanın sahibi Məhəmməd Esah bildirib.

Yaxınlıqdakı bölgə xəstəxanasının tibb bacısı France Press agentliyinə telefonla deyib ki, partlayış nəticəsində 30-40 nəfər yaralanıb.

Bu hücum İslam Dövləti qruplaşmasının Məzari-Şərif şəhərində şiə məscidində azı 12 nəfərin ölümü və 58 nəfərin yaralanması ilə nəticələnən bomba hücumunü öz üzərinə götürməsindən bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG