Accessibility links

Əfqanıstanda mediaya məhdudiyyətlər daha da artıb


Jurnalistlərin dediyinə görə, xəbərlərin nə haqda ola biləcəyinə tutmuş qadınların harada işləyə biləcəyinə qədər qaydalar Əfqanıstanda xəbər yayımımı getdikcə çətinləşdirir.

"Salam Vatandar Şəbəkəsi adlı müstəqil media qrupunun təhlükəsizlik və siyasi məsələləri işıqlandıran müxbiri Davud Mübarək Oğlu deyib ki, "mediaya qoyulan məhdudiyyətlər son bir ildə artıb."

Mübarək Oğlu Amerikanın Səsinə reportajlarını işıqlandırmağın çətin olduğunu deyib, çünki Taliban "jurnalistlərə partlayışlar və intihar hücumları kimi təhlükəsizlik məsələlərini işıqlandırmağa imkan vermir."

Kabildə yaşayan müxbir "Yalnız Talibanın istədiklərini işıqlandırmaq olar. Hökumətin açıqlamalarını gözləməliyik" deyib.

Taliban 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirəndə medianın "azad və müstəqil" olacağını demişdi. Ancaq bir ay sonra media üçün yeni qaydalar tətbiq edildi ki, müşahidəçilər və jurnalistlər bunu senzura hesab edir.

Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatı 2022-ci ildə Əfqanıstanda jurnalistlərə qarşı əsassız həbslər, pis rəftar, təhdid və hədə-qorxu da daxil olmaqla, 200-dən çox pozuntu qeydə alıb.

Mübarək Oğlu deyib ki, Əfqanıstanda jurnalistlər "əhval-ruhiyyənin aşağı olmasından əziyyət çəkir".

O, Amerikanın Səsinə "Artıq özümüzü təhlükəsiz hiss etmirik" deyib.

Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin Asiya proqramı üzrə koordinatoru Beh Lih Yi Amerikanın Səsinə deyib ki, Əfqanıstanda media azadlığı "getdikcə daha da pisləşir".

Onun sözlərinə görə, Talibanın qayıdışı "sağ qalmaq üçün mübarizə aparan" mediaya "dağıdıcı təsir" göstərir.

Ölkədə çox sayda radio və televiziya stansiyaları fəaliyyətini dayandırıb. Bəzi hesablamalara görə, 6000-dən çox jurnalist artıq işləyə bilmir.

Kabildə yaşayan Məryəm Hotak kimi bəziləri həm jurnalist, həm də qadın olduqlarına görə ikiqat təzyiqlə üzləşirlər.

Hotak səkkiz il iki yerli "Arakoziya" və "Killid" radiostansiyalarında, eləcə də Çin dövlət mediası “CCTV”də işləyib. Lakin o, "CCTV" müqaviləsini yeniləyə bilmədiyi üçün yanvarın əvvəlində işini itirib.

"Əfqanıstanda qadınların jurnalist kimi işləməsi qeyri-mümkün olub" Hotak deyib.

Taliban Əfqanıstanda qadınlara qarşı repressiv tədbirlər tətbiq edib ki, buna orta və universitet təhsili almağa, işləməyə, uzaq məsafəyə müşayiətsiz çıxmağa qadağalar daxildir.

XS
SM
MD
LG