Accessibility links

Taliban sülh danışıqlarına hazır olduğunu bildirib


Əfqanıstandakı Taliban lideri 14 ildir davam edən müharibəyə son qoymaq üçün Kabil hökuməti və xarici dövlətlərlə siyasi danışıqlara razılıq verib. Talibanın başçısı Molla Ömər Əfqanıstandakı müharibəyə görə təşkilatına haqq qazandırmaq məqsədilə hər il müsəlmanların müqəddəs Ramazan ayında müraciətlə çıxış edir. Lakin o, bu gün açıqladığı mesajında Əfqanıstan və xarici vasitəçilərin bu yaxınlarda təklif etdiyi sülh müzakirələrini müdafiə etdiyini bildirib.

Taliban lideri dialoqun dini baxımdan “legitim” strategiya olduğunu və xarici qüvvələri Əfqanıstandan çıxartmaq məqsədi daşıdığını deyib. Ona görə də Molla Ömər deyib ki, Talibanın siyasi səyləri, xarici ölkələr və Əfqanıstanın qarşılıqlı yardımı ilə ölkədəki işğala son qoyulmalı, İslam yönümlü müstəqil dövlət qurulmalıdır.

Molla Ömər Əfqanıstan hökuməti ilə Taliban nümayəndələri arasında 14 ildir davam edəm müharibəyə son qoyulması yolunda başlanan birbaşa danışıqlardan bir həftə sonra çıxış edib.

Əşrəf Qani
Əşrəf Qani

Əfqanıstan prezidenti Əşrəf Qani isə deyib ki, Talibanla növbəti danışıqlar üç həftə sonra davam etdiriləcək. Prezident bu açıqlamanı bu gün, bazar günü bomba hücumu qurbanlarının ailələri ilə görüşmək üçün Xost vilayətinə səfəri zamanı verib.

Cənab Qani artıq prosesin başlandığını deyib və əlavə edib ki, gələn danışıqlara qədər onun Taliban “qardaşlar”ının öz tələblərini yazılı şəkildə hazırlamasını istəyir. O, danışıqların barışıqla nəticələnəcəyinə ümid etdiyini bildirib.

Taliban lideri Ömər də öz növbəsində dini qanunlara əsaslanaraq ölkədəki azlıqlar da daxil edilməklə, bütün əfqan xalqının hüquqlarının tanınacağını bildirib. Ömərin bəyanatının qadınlar və azlıqlarla bağlı narahatlıqlara yönəldiyi görünür.

İyulun 7-də keçirilən ilk sülh danışıqlarına qonşu Pakistan ev sahibliyi edib və danışıqlarda Çin və Amerika rəsmiləri “müsahidəçi” qismində iştirak edib. Regional təhlilçilərin dediyinə görə, bu təmas dərhal öz təsirini göstərərək, ölkədə müharibə aparan bütün fraksiyaların gözündə prezident Qani və onun milli birlik hökumətinə legitimlik qazandırıb.

Bu vaxta qədər Taliban Birləşmiş Ştatların başçılığı ilə Əfqanıstanın xarici qüvvələr tərəfindən “zəbt olunduğunu” bildirərək, Kabil hökumətinin təklif etdiyi sülh danışıqlarını rədd edirdi.

XS
SM
MD
LG