Talibanın Əfqanıstandakı təhlükəsizlik qüvvələri şimal Pəncşir vilayətinin bəzi bölgələrində üsyançı qüvvələrə qarşı genişmiqyaslı "təmizləmə əməliyyatı"na başlayıb, onlarla üsyançını öldürüb, çoxunu əsir götürüb.
Talibanın baş sözçüsü Zabihulla Mücahid çərşənbə axşamı Amerikanın Səsinə bildirib ki, dağlıq vilayətin üç bölgəsində keçirilən təhlükəsizlik aksiyası "üsyançıların" orada ictimai təhlükəsizliyi təhdid etməsinin qarşısını almaq üçün edilib.
"Pəncşirin Rekha, Dəra və Əfşar bölgələrində aparılan təmizləmə əməliyyatı zamanı dörd komandir də daxil olmaqla, 40 üsyançını öldürülübb və 100-dən çoxu əsir götürülüb" - deyə, Mücahid bildirib.
Onun sözlərinə görə, əməliyyat həftənin əvvəlində qiyamçıların təxribat əməllərinə cavab olaraq başlayıb. O, "Mücahidlər (təhlükəsizlik qüvvələri) oradakı əməliyyatı dünən gecə saatlarında yekunlaşdırıb" deyib.
Tənqidçilər dediyinə görə, üsyançılara qarşı hücum Talibanın bir il əvvəl müharibəyə səhnə olan ölkədə hakimiyyəti ələ keçirdikdən sonra Pəncşirdə və qonşu Baqlan vilayətinin bəzi bölgələrində Milli Müqavimət Cəbhəsinin fəaliyyətini cilovlamaq üçün mübarizə apardığını göstərir.
Etnik tacik lider Əhməd Məsudun rəhbərlik etdiyi Milli Müqavimət Cəbhəsi son aylar Əfqanıstanın ən kiçik vilayətlərindən biri olan Pəncşirdə Taliban qüvvələrinə qarşı mütəmadi olaraq partizan hücumlarını öz üzərinə götürüb. Pəncşir paytaxt Kabilin şimalında yerləşir.
Bu həftəyə qədər Taliban bölgədə geniş yayılmış döyüşlər barədə xəbərləri ardıcıl olaraq təkzib edib və Milli Müqavimət Cəbhəsinin "yalnız sosial mediada mövcud olduğunu", bütün Əfqanıstana özünün nəzarət etdiyini deyirdi.
Milli Müqavimət Cəbhəsinin sözçüsü Sibqatulla Əhmədi tvitter səhifəsində Talibanı ələ keçirdiyi səkkiz qiyamçını edam etməkdə günahlandırıb. O, daha sonra iddia edib ki, bu əməliyyat son bir neçə gün ərzində Milli Müqavimət Cəbhəsinin partizanlarının Taliban qüvvələrinə qarşı ölümcül hücumlarına cavab olaraq həyata keçirilib.