Accessibility links

Taliban məhbus mübadiləsi çərçivəsində Əfqanıstanda sonuncu amerikalı girovu azad edib


Taliban üzvü və narkotik alverçisi Bəşir Nurzai (ortada) Əfqanıstan paytaxtı Kabildə azadlığa buraxıldıqdan sonra jurnalistlərə 17 il 6 ay ABŞ həbsxanasında olduğunu deyib, 19 sentyabr 2022-ci il.
Taliban üzvü və narkotik alverçisi Bəşir Nurzai (ortada) Əfqanıstan paytaxtı Kabildə azadlığa buraxıldıqdan sonra jurnalistlərə 17 il 6 ay ABŞ həbsxanasında olduğunu deyib, 19 sentyabr 2022-ci il.

Taliban bazar ertəsi ABŞ həbsxanasında ömürlük həbs cəzası çəkən Taliban narkobaronu Bəşir Nurzayın müqabilində Əfqanıstanda qalan yeganə amerikalı girov Mark Freriksi azad edib.

Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi Kabildə jurnalistlərə deyib ki, məhbus mübadiləsi onun hökuməti ilə ABŞ nümayəndə heyəti arasında Əfqanıstan paytaxtının hava limanında baş tutub.

Təxminən 60 yaşlı amerikalı mühəndis və Hərbi Dəniz Qüvvələri veteranı Freriks 2020-ci ilin əvvəlində ABŞ və NATO qüvvələrinin o zaman Qərbin dəstəklədiyi Əfqanıstan hökumətinə yardım göstərərək, Taliban üsyançılarına qarşı döyüşdüyü vaxt Kabildə oğurlanıb.

Hacı Bəşir kimi tanınan Nurzay 2005-ci ildə Nyu-Yorkda həbs edilib və daha sonra milyonlarla dollar dəyərində heroini ABŞ-a keçirməkdə ittiham olunub. Bildirildiyinə görə, Talibanın əsas tərəfdaşlarından olan Nurzay heroin ticarətindən əldə edilən gəlirlə üsyançıların maliyyələşdirilməsi və silahlanmasına yardım edib.

Müttəqi məhbus mübadiləsini “Əfqanıstan tarixində görünməmiş bir hadisə” adlandırıb və bunun Taliban və ABŞ arasında uzunmüddətli danışıqlar prosesinin nəticəsi olduğunu deyib. Onun sözlərinə görə, indiyədək iki keçmiş düşmən arasında məhbus mübadiləsi Əfqanıstandan kənarda həyata keçirilib.

“Bu gün səhər saat 10-da Amerika vətəndaşı Kabil hava limanında Amerika komandasına, Hacı Bəşir isə İslam Əmirliyinə təhvil verilib” - deyə, Müttəqi bildirib.

Nurzayın vəkili müvəkkilinin narkotik alverçisi olduğunu inkar edib və ABŞ rəsmilərinin onu həbs olunmayacağına inandırdıqları üçün ona qarşı irəli sürülən ittihamların ləğv olunmalı olduğunu deyib.

Beynəlxalq qüvvələrin Talibanla demək olar ki, iyirmi illik müharibədən sonra keçən ilin avqustunda ölkədən tamamilə çıxarılması İslamçı qrupun hakimiyyəti ələ keçirməsinə yol açıb.

Müttəqi Əfqanıstanı tərk etməzdən əvvəl Kabil hava limanında ABŞ rəsmiləri ilə müxtəlif mövzularda “müsbət” görüş keçirildiyini bildirsə də, bu barədə ətraflı məlumat verməyib.

Müttəqi deyib ki, bazar ertəsi baş verən hadisələr Əfqanıstan və ABŞ arasında münasibətlərdə “yeni səhifə” açaraq, həmçinin iki ölkə arasında ikitərəfli problemlərin danışıqlar yolu ilə həllinə kömək edə bilər.

XS
SM
MD
LG