Accessibility links

Talibanın qadağasına baxmayaraq, əfqan qadınlar 8 Martda nümayişlər keçirib


Beynəlxalq Qadınlar Günündə əfqan qadınlar ölkənin sərt İslamçı Taliban hökumətindən 2021-ci ilin avqustunda beynəlxalq qoşunların geri çəkilməsi ilə militantların hakimiyyəti ələ keçirməsindən sonra həyatlarını alt-üst edən qadağalara və məhdudiyyətlərə son qoymağı tələb edib.

Talibanın etiraz aksiyalarına qadağa qoymasına baxmayaraq, əfqan qadınlar 8 Martda hakimiyyətdən öz hüquqlarını və həbsdə olan qadın fəalların azad edilməsini tələb etmək üçün kiçik nümayişlər keçirib.

Onlar həmçinin hökuməti yeddinci sinifdən sonra təhsilləri dayandırılan qadınlar üçün məktəbləri və universitetləri yenidən açmağa çağırıb.

“Beynəlxalq ictimaiyyət əfqan qadınlarının hüquqlarını müdafiə etməli, onlara işləmək, təhsil almaq və bərabərlik hüququ qazanmalarına yardım etməlidir” - deyə, adının açıqlanmasını istəməyən mühacirətdəki qadın hüquqları müdafiəçisi AzadlıqRadiosunun Azadi bölməsinə bildirib.

Taliban hakimiyyəti ələ keçirərkən, təxminən iyirmi il əvvəl ölkəni idarə etdiyi vaxtla müqayisədə aha mötədil siyasət yürütməyi vəd edib. Lakin onun liderləri o vaxtdan bəri, xüsusən də cəmiyyətdə hər hansı ictimai rolu faktiki olaraq rədd edilən qadınlara münasibət də daxil olmaqla, totalitar molla rejimini gücləndirib.

Əfqan qadınlarına iqtisadiyyatın bir çox sahələrində işləmək qadağan edilib. Qadınların sahib olduğu bizneslər saysız-hesabsız məhdudiyyətlərlə üzləşir. Qadınlara ictimai parklara və hamamlara getmək kimi istirahət fəaliyyətləri də qadağan edilib.

Qadınlar həmçinin sərbəst hərəkət və ictimaiyyətdə görünə bilmələri ilə bağlı ciddi məhdudiyyətlərlə üzləşir. Əksər hallarda, onları bir kişinin müşayiət etməsi tələb olunur. Taliban fərmanına əsasən qadınlar başdan ayağa hicab geyinməlidirlər və yalnız gözləri görünə bilər.

Adının açıqlanmasını istəməyən Kabildə bir universitet tələbəsi Azadi radiosuna "Talibanın məhdudiyyətləri həyatımızı alt-üst etdi. Cəmiyyətimə və ölkəmə xidmət etmək ümidlərim puça çıxdı" deyib.

Forum

XS
SM
MD
LG