Accessibility links

Minlərlə əfqan Pakistan və İran həbsxanalarından deportasiya edilib


İslamabad və Tehran Əfqanıstan vətəndaşlarının ölkədən çıxarılmasını sürətləndirdiyi üçün Pakistan və İran həbsxanalarında saxlanılan minlərlə əfqan ölkələrinə geri göndərilib.

Talibanın Pakistanın cənubundakı Sind vilayətinin paytaxtı Kəraçidəki baş konsulu Əbdül Cabbar Təxarinin bildirdiyinə görə, son bir il ərzində bölgə həbsxanalarında saxlanılan 3000-dən çox əfqan geri göndərilib.

O, dekabrın 19-da AzadlıqRadiosunun Azadi bölməsinə "geri qaytarılan 3053 əfqan arasında qadınlar və uşaqlar da var" deyib.

"Son iki ay ərzində qanuni sənədlərinə baxmayaraq saxlanılan 460-dan çox əfqan azad edildikdən sonra vətənə qaytarılıb" deyə, o əlavə edib.

Təxari bildirib ki, 356 əfqan hələ də Sind vilayətindəki həbsxanalardadır.

Bu arada Taliban hərəkatının cənubundakı Nimroz vilayətinin rəsmiləri son 9 ay ərzində İranın 300 əfqan məhbusunu təhvil verdiyini bildiriblər.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, İslamabad hazırda 3 milyondan çox əfqana ev sahibliyi edir. İranda isə 4,5 milyondan çox köçkün yaşayır ki, onların da böyük əksəriyyəti əfqanlardır.

Taliban və Pakistan rəsmiləri bildirirlər ki, son üç ay ərzində yarım milyondan çox əfqan Pakistandan öz ölkələrinə qayıdıb.

Oktyabrın əvvəlində İslamabad bütün 1,7 milyon "sənədsiz əcnəbi"nin noyabrın 1-dək ölkəni tərk etməli olduğunu bəyan edib.

Son bir neçə ay ərzində oxşar kampaniya çərçivəsində bir neçə yüz min əfqan İranı tərk etməyə məcbur edilib. İran rəsmiləri deyirlər ki, hazırda ölkədə yaşayan 5 milyon əfqanın yarısından çoxunun ölkədə qalmaq üçün tələb olunan sənədi yoxdur.

İran və Pakistandan qayıdan əfqanların əksəriyyəti təzyiq, təhqir və pis rəftardan şikayətlənir.

Yardım agentlikləri xəbərdarlıq edir ki, İslamabad və Tehran milyonlarla əfqanı geri göndərməyə davam edərsə, humanitar fəlakət baş verə bilər.

Təxmini 40 milyon əhalisinin 29 milyondan çoxunun humanitar yardıma ehtiyacı olduğu Əfqanıstan artıq dünyanın ən ağır humanitar böhranından əziyyət çəkir.

Forum

XS
SM
MD
LG