Yanvarın 20-də Afinada polislə etirazçılar arasında qarşıdurma olub.
Parlament binasının qarşısına yığışan 10 minlərlə aksiyaçı Makedoniya ilə əldə edilmiş razılaşmaya etiraz edib. Parlament binasına daxil olmaq istəyən aksiyaçılar polisi daşa basıb, yandırıcı butulkalar atıblar.
Polis isə buna cavab olaraq dəyənək və gözyaşardıcı qazdan istifadə edib.
Toqquşma zamanı azı 9 polis xəsarət alıb.
Yunanıstan və Makedoniya hökumətləri ötən ilin iyununda Makedoniyanın adının dəyişdirilib “Şimali Makedoniya Respublikası” olması barədə razılaşma imzalayıblar. Yunanıstan bunun əvəzində Makedoniyanın NATO və Avropa İttifaqına qəbul edilməsini əngəlləməkdən əl çəkib.
Yunanıstan parlamenti yanvarın 21-də bu razılqaşmanın müzakirəsinə başlamalı və həftənin sonunda səsverməyə çıxarmalıdır.
Artıq Makedoniya parlamenti ayın əvvəllərində bu razılaşmanı təsdiqləyib.
Amma istər Yunanıstanda, istərsə də Makedoniyada hesab edirlər ki, qarşı tərəfə həddən çox güzəşt edilib.
Makedoniya ilə Yunanıstan arasında ad mübahisəsi 1991-ci ildən-Makedoniya keçmiş Yuqoslaviyadan ayrılaraq müstəqilliyini elan edəndən sonra başlayıb.
Afina deyir ki, Makedoniya onun şimal əyalətinin adıdır və bu, böyük tarixi əhəmiyyətə malikdir.
Yunanıstanın baş naziri Aleksis Tsipras yanvarın 16-da parlamentdə etimad səsverməsini udub.
Buna səbəb onun kiçik trərəfdaşı, müdafiə naziri Panos Kammenosun razılaşmaya etiraz olaraq istefa verməsi olub.