Accessibility links

Əhəd Əhədli: Saxta xəbərlərə qarşı mübarizənin ən optimal variantı azad mediadır


Əhəd Əhədli
Əhəd Əhədli

"Fakt yoxla" saytının araşdırmaçısı Əhəd Əhədli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda saxta xəbərlər, onun mənbələri və aradan qaldırılması yollarından danışıb​.

Əhəd Əhədli: Saxta xəbərlərə qarşı mübarizənin ən optimal variantı azad mediadır
please wait

No media source currently available

0:00 0:03:46 0:00

Amerikanın Səsi: `Fake news' - Azərbaycan dilində saxta xəbərlər son illər tez-tez rastlaşılan anlayışlardan biridir. Azərbaycan mediasında yayılan saxta xəbərlər haradan qaynaqlanır?

Əhəd Əhədli: Müxtəlif mənbələrdən qaynaqlanır. Yerli medianın özünün istehsal etdiyi saxta xəbərlər var. Həm də xarici mediadan götürülmüş saxta xəbərlər var. Xarici mediadan əsasən Türkiyə və Rusiya mediasından götürülür bu tip xəbərlər. Yerli mediada da həm özümüzün media orqanlarımızın, həm də, belə deyim sosial mediada olan hesablar, səhifələr bu tip xəbərlərin yaradılmasının əsas mənbələridir.

Amerikanın Səsi: Sizcə saxta xəbərlər sadəcə yalan məlumatlar, dezinformasiyalardır, yoxsa bunun daha geniş və böyük təsirləri ola bilər?

Əhəd Əhədli: O baxır dezinformasiyanın özünün mahiyyətinə: Əgər mən, məsələn deyirəm ki, Azərbaycan iqtisadyyatı dünyanın ən güclü iqtisadyyatıdır - bu, dezinformasiyadır. Amma bunun insanın həyatı üzərində birbaşa təsiri yoxdur. Amma mən desəm ki, tibbi spirti içərək koronavirusa qarşı mübarizə apara bilərsiniz, bu artıq insanların həyatına birbaşa təsir edir - necə ki, bunu pandemiyanın ilk dövrlərində gördük, insanlar doğurdan da tibbi spirti içərək koronavirusa qarşı mübarizə aparmağa çalışırdılar və nəticədə vəfat edirdilər. Yəni mahiyyəti ilə bağldır. Bəzi dezinformasiyalar həddən artıq təhlükəlidir.

Amerikanın Səsi: İnsanlar niyə saxta xəbərlərə tez aldanır, onların toruna düşür?

Əhəd Əhədli: Mənim fikrimcə, insanların saxta xəbərlərə aldanmasının səbəbi saxta xəbərin daha anlaşıla bilən, daha sadə dilinin olmasıdır. Məsələn, son dövrdə koronavirusla bağlı misal verim. Koronavirusun mənşəyi ilə bağlı müxtəlif tədqiqatlar aparılır. Bu tədqiqatlar elmi tədqiqatlardır. İnsanların böyük bir qismi bunu başa düşməkdə çətinlik çəkirlər. Çünki akademik araşdırmalardır. Amma, siz desəniz ki, bu insanların dünyada sayını azaltmaq üçün yaradılıb. Və yaxud bunu hər hansı xüsusi məqsədlərlə yaradıblar. İnsanlara, məsələn, çip taxmaq üçün yaradılıb. Bu daha asan başa düşüləndir. İnsanları bu informasiyanı daha rahat qəbul edə biləcək. Məncə saxta xəbərlərin yayılmasının ən böyük səbəbi onun hekayəsinin daha başa düşülən olmasıdır, nəinki daha dəqiq xəbərlərin.

Amerikanın Səsi: Necə düşünürsünüz, Azərbaycanda 'fake news' - saxta xəbərlərə qarşı necə mübarizə aparılmalıdır?

Əhəd Əhədli: Təbii ki, ən optimal variant azad mediadır. Azad media olduğu təqdirdə insanlar hansı media qurumlarının dəqiq, doğru xəbər yaydığını, hansının yalnış məlumat yaydığını özləri ayırd edə biləcəklər. Sadəcə bu tip təşəbbüslərin yaradılmasına imkan vermək lazımdır ki, azad media mövcud olduqca bu tip xəbərlərin sayı azalacaq. Başqa üsul da ki, insanları maarifləndirmək olar. Bununla bağlı braşurlar hazırlamaq olar. Əl kitabçaları hazırlamaq olar. Maarifləndirici videolar hazırlamaq olar. Düşünürəm ki, bunun sayəsində mümkün qədər azaltmaq olar.

Azərbaycan rəsmiləri nə deyir?

Bir müddət əvvəl Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Amerikanın Səsinə verdiyi açıqlamada deyib ki, Azərbaycanda bu sahənin yetərincə tənzimlənməsi ilə bağlı təcrübə yoxdur.

Onun sözlərinə görə, saxta xəbərlərlə mübarizə aparacaq, bunun qarşısını alacaq müəyyən hüquqi bazanın və həmin hüquqi bazanın əsasında hazırlanmış konkret mezanizmlərin olması lazımdır.

“Söhbət ondan gedir ki, fake news-un (saxta xəbərin) qarşısını alacaq bu mexanizmlərin mövcudluğundan biz danışa bilmərik. Azərbaycanda 2013-cü ildən başlayaraq qanunvericilikdə ciddi şəkildə dəyişikliklər aparılır. Bu dəyişikliklər internet üzərindən yayılan informasiyaların tənzimlənməsini ehtiva edir. Amma, bu günə qədər də proses davam edir. Hələlik tamamlanmayıb. Və bütövlükdə prosesi əhatə edə bilmir. Məsələ ondadır ki, bu tənzimləmə informasiya yanlışğlığı ilə bağlı ayrı-ayrı kompanentlərin tənzimləməsinə hesablanıb. Amma bütövlükdə “fake” xəbərləri və internet üzərindən yayılan informasiyadakı neqativlərin aradan qaldırılmasını ehtiva və əhatə etmir,” Ələsgərli vurğulayıb.

Azərbaycan rəsmiləri ölkədə plüralizmin təmin olduğunu deyir

Rəsmi qurumlar ölkədə media azadlığının tam təmin edildiyini, plüralizm üçün hər cür şəraitin yaradıldığını bildirir. Rəsmilər hesab edir ki, media ilə bağlı monitorinqlərə görə, son bir ildə böhtan və təhqirlə bağlı iyirmidən çox jurnalist məhkəməyə verilib. Jurnalistlərə qarşı otuzdan çox insident qeydə alınıb. Ölkənin iki jurnalisti münaqişə bölgəsində mina partlayışı nəticəsində həlak olub.

Beynəlxalq təşkilatların gözündə Azərbaycan

“Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksində göstərlir ki, 180 ölkədən 73-də jurnalistika xeyli çətinləşib, 59 ölkədə məhdudlaşdırılıb.

Bu indeks üzrə Azərbaycan ötən ilə nisbətdə bir pillə irəliləyərək 167-ci yerdə qərarlaşıb. Lakin, yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin ağır olaraq qaldığını düşünür. Onlar hesab edir ki, Azərbaycanda uzun illərdir bir sıra müstəqil media qurumlarına qarşı təzyiq kampaniyaları davam etdirilir.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsədədir. Ölkədə beynəlxalq media təşkilatı olan AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrından bağlanıb.

XS
SM
MD
LG