Accessibility links

Noyabrın 14-də İkinci Dünya Müharibəsi dövründə ahıska türklərinin (məhsəti) sovet hökuməti tərəfindən Gürcüstandan deportasiya edilməsinin 73-cü ili tamam olur.

1944-cü ildə İosif Stalinin əmri ilə on minlərlə türk bir gecədə Mərkəzi Asiya və Sibirə deportasiya edilib. Yalnız 1956-cı ildən sonra onlara SSRİ-nin digər bölgələrinə köçməyə icazə verilib.

1958-1960-cı illərdə onların bir hissəsi Azərbaycana gəlib. İkinci axın Fərqanə hadisələrindən sonra gəlib.

Ahıska türklərinin "Vətən" Cəmiyyətinin rəhbəri İbrahim Məmmədov Turan-a bildirib ki, hazırda Azərbaycanda 80 min yaxın ahıska türkü yaşayır.

Ahıska türklərinin tarixi Gürcüstan torpaqlarına qayıtması məsələsinin şərhi barədə xahişin cavabında İ.Məmmədov deyib ki, onların ancaq az bir hissəsi qayıda bilib.

Ahıska türkləri
Ahıska türkləri

2007-ci ildə Gürcüstan parlamenti ahıska türklərinin repatriasiyası haqqında qanun qəbul edib. Ancaq qayıdış cəhdləri kağız bürokratiyası və repatriantın türk olduğunu sübut edən sənədlər üzərində qalıb.

Sözügedən proqram 2008-ci il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək qüvvədə olub.

Həm də ahıska türklərinə onların tarixi torpaqları olan Samtse-Cavaxetiyada deyil? bütövlükdə Gürcüstanda yerləşmək imkan yaradılırdı. Geri qayıdanlar öz hesabına ev almalı idi.

2008-2009-cu illərdə Azərbaycandan 13 286 ahıska türkü ailəsi Gürcüstana qayıtmaq haqda müraciət edib, ancaq 5428 ailənin ərizəsi qəbul edilib. Yalnız 1800 nəfər repatriant statusunu alıb.

İ.Məmmədov "məhsəti türkləri" və ya "məhsi" terminləri ilə razılaşmadığını bildirib.

"Ahıska Osmanlı imperiyasından öncə türklərin yaşadığı ərazinin qədim adıdır. "Məhsəti türkləri" və ya "məhsi" terminləri süni şəkildə düşünülüb ki, onları türkləşmiş və ya müsəlmanlaşmış gürcülər kimi qələmə versinlər.

Noyabrın 14-də deportasiyanın 73-cü ildönümü ilə əlaqədar ahıska türklərinin kompakt yaşadığı Saatlı rayonunda matəm mərasimi keçirilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG