Brüsseldəki zirvə toplantısının ilk günündə Avropa İttifaqına üzv 27 ölkə təklif olunan Aİ-Rusiya sammitinin şərtləri üzərində razılıq əldə edə bilməyib.
Fransa və Almaniyanın təklif etdiyi Rusiya sammitinə əksər Şərqi Avropa ölkələri qarşı çıxıb. Onlar üz-üzrə görüşlərin Rusiya Prezidenti Vladimir Putinin son təcavüzkar addımlarına, o cümlədən Ukrayna sərhədinə qoşun yığması və kiberhücumlara görə mükafat kimi qəbul ediləcəyini düşünür.
Almaniya Kansleri Angela Merkel Brüsseldəki sammitin ikinci günü başlamadan öncə jurnalistlərlə söhbətində Aİ-nın üzv dövlətlərindəki həmkarlarının belə bir sammitin şərtləri ilə bağlı bir razılığa gələ bilməməsindən təəssüfləndiyini dilə gətirib. O belə bir sammitin Rusiya ilə olan problemləri həll etmək üçün mühüm olduğunu iddia edir. Lakin Merkel bildirib ki, üzvlər gələcəkdə belə bir zirvə görüşündən əvvəl hansı şərtlərin olacağını və hansı şərtlərin yerinə yetirilməli olduğunu müəyyən edib.
Merkel ayrı-ayrı dövlətlərin təkbaşına hərəkət etməsi deyil, blokun birlikdə addımlar atmasının vacib olduğunu deyib.
Fransa Prezidenti Emmanuel Makron da jurnalistlərə verdiyi şərhlərdə üzv ölkələr arasında birliyin olduqca vacib olduğunu deyib. Lakin o eyni zamanda Şərqi Avropa ölkələrinin nə üçün bu ayın əvvəlində Prezident Co Baydenin Putinlə görüşünə bənzər etirazalar səsləndirməməsini sual edib.
Digər təfədən Angela Merkel üzv dövlətlərinə COVID-19-un Delta variantı ilə bağlı da xəbərdarlıq edib. O bildirib ki, bu variant əvvəlkilərdən daha sürətlə yayılırVə daha ağır simptomlara səbəb ola bilər. Merkel Almaniyada və digər ölkələrdə yoluxmaların nəzarət altında olmadığını, bunun isə pandemiyadan qurtulmağı mümkünsüz edə biləcəyi ilə bağlı xəbərdarlıq edib. O üzv ölkələrinə peyvəndləmə proqramını sürətləndirməyi tövsiyyə edib.