Accessibility links

Aİ Pfizer/BioNTech-dən alacağı peyvəndlərin dozasını iki dəfə artırır


Avropa İttifaqı (Aİ) Pfizer-BioNTech ilə COVID-19-a qarşı 300 milyon doza əlavə peyvənd almaq barədə razılığa gəlib.

Cümə günü Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının prezidenti Ursula Von der Leyen razılaşmaya əsasən blokun dərman istehsalçısından alacağı dozanı ikiqat artıracağını deyib.

Von der Leyen həmçnin ABŞ dərman istehsalçısı Moderna ilə də COVID-19-a qarşı bu həftənin əvvəli Avropada istifadəsinə icazə verilən peyvəndlə bağlı başqa bir müqavilə imzalandığını bildirib.

O bildirib ki, bu iki şirkətlə müqavilə nəticəsində Aİ 380 milyon avropalı üçün nəzərdə tutlmuş peyvənd təmin edəcək ki, bu da blokun əhalisinin 80 faizini təşkil edir.

Von der Leyen əlavə 75 milyon dozaların ilin ikinci rübündə əldə ediləcəyini, digərlərinin isə 2021-ci il ərzində çatdırılacağını deyib.

COVID-19 ilə mübarizə strategiyası çərçivəsində Aİ altı peyvənd istehsalçısı: Moderna, Pfizer-BioNTech, AstraZeneca, Sanofi-GSK, Janssen Pharmaceuticalica NV və CureVac şirkətləri ilə razılaşma əldə edib.

Bildirilir ki, əgər altı şirkət tərəfindən hazırlanan peyvəndlər işə yarayarsa, Aİ ümumilikdə 2,3 milyard doza peyvənd əldə edəcək ki, bu da ittifaqın 450 milyonluq əhalisini peyvəndlə təmin etmək üçün kifayətdir.

27 ölkədən ibarət blokda peyvənd proqramları ləng başlayıb və artıq bəzi Aİ üzvləri lazımi dozaların təmin edilməsində uğursuzluğa görə Aİ-nin icraedici orqanını günahlandırıb.

Lakin Aİ vaksinasiya proqramlarının hələ yeni başladıldığını və böyük dozaların aprel ayında verilməsinin nəzərdə tutulduğunda israr edərək strategiyasını müdafiə edib.

XS
SM
MD
LG