Accessibility links

Aida Bağırova: Mursi və Müsəlman Qardaşları xalqın gözləntilərini doğrultmadı [Audio]


Aida Bagirova
Aida Bagirova

"Ərəb Baharı: Gözləntilər və Reallıqlar" kitabının müəllifi Misirdə baş verən hadisələri Amerikanın Səsinə şərh edir

Misirdə hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursinin Müsəlman Qardaşları təşkilatı müvəqqəti prezidentin konstitusiyaya dəyişikliklər edilməsi və yeni seçkilər keçirilməsinə dair keçid dövrü planını rədd edib. Misirdə gələn ilin əvvəli parlament və bunun ardınca prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur. Lakin keçən həftə Misir ordusu ölkə konstitusiyasının ləğv edildiyini və prezident Məhəmməd Mursinin hakimiyyədən kənarlaşdırıldığını elan etməsindən sonra ölkədə vəziyyət gərgin olaraq qalır və tərəflər arasında qarşıdurmaq davam edir.

Misirdə baş verən hadisələri şərh etmək üçün Bakı Dövlət Universitetinin dosenti, ərəb ölkələri üzrə mütəxəssis, ərəb ölkələri haqda bir sıra kitab və məqalələrin müəllifi Aida Bağırovaya müraciət etmişik. Aida xanımın “Ərəb Baharı” adlı kitabı bu yaxınlarda işıq üzü görüb.

Aida Bagirova ilə müsahibə
please wait

No media source currently available

0:00 0:12:55 0:00
Direct link


Dilşad Əliyarlı: Misirdə 2011-ci ildə inqilabın şahidi olduq. Misir inqilabı yeni inqilab doğurdu. Bu nəyə görə baş verdi?

Aida Bağırova: Ərəb baharı Misirə öz təsirini buraxdı və Misirdə uzun zaman hakimiyyətdə olan Hüsnü Mübarək xalqın təkidi və tələbi ilə devrildi. Bundan sonra Misirdə belə demək olarsa, quruculuq dövrü başlamalı idi. 2012-ci ilin yayında Misirdə prezident seçkiləri keçirildi və seçkilər nəticəsində “Müsəlman Qardaşları”nı təmsil edən Məhəmməd Mursi hakimiyyətə gəldi. Məhəmməd Mursinin seçkilərdə rəqibi kimi Əhməd Şəfiq iştirak edirdi və o, müxalif qüvvələrin təmsilçisi idi. O, islamçı qüvvələrə qarşı əsas rəqib olaraq çıxış edirdi. Seçkilərin nəticələri ikinci turda yekunlaşdı. Nəticələrə nəzər salsaq görərik ki, Mursi səslərin təxminən 51 faizindən çoxunu, Şəfiq isə təxminən 48 faiz səs toplamışdı. İlk nəzərdə belə görünürdü ki, onların gücləri və təmsil etdiyi siyasi güc, Misir cəmiyyətində onların yeri və mövqeləri bərabərdir. Bu da ona işarə edirdi ki, bu bərabərlik zəminində baş tutmuş seçkilər Misirə asan gələcək vəd etmir. Məhəmməd Mursi hakimiyyətə gəldikdən sonra Müsəlman Qardaşlarının sosial bazasını daha da genişləndirmək, yeni hakimiyyətə gəlmiş qüvvələrin mövqelərini möhkəmləndirmək və öz siyasi opponentlərinə qarşı bir sıra radikal addımlar atılması kimi istiqamətdə hərəkət etdi. Misir cəmiyyətində parçalanmaya bir işarə də 2012-ci ilin noyabr-dekabr aylarında konstitusiyaya yeni əlavələrin edilməsi və refendumun keçirilməsilə bağlı idi. Referenduma çıxarılmış bəzi müddəalara nəzər salsaq, burada həm iqtidara gəlmiş qüvvələrin mövqelərinin daha da möhkəmləndirilməsindən söhbət gedirdi, həm də ümumi adla desək, islami müddəalar da daxil olunmuşdu ki, bu da digər tərəfin, yəni müxalif qüvvələrin, Mursiyə qarşı olan müxalifətin, millətçi, solçu və nisbətən liberal qüvvələrin narazılığına gətirib çıxarmışdı. Yeni konstitusiya layihəsi üzrə konstitusiya komitəsi fəaliyyət göstərirdi və burada Müsəlman Qardaşları və sələfilərə yaxın olan Nur partiyası iştirak edirdi. Mursinin opponentləri olan digər partiyalar da, millətçi, liberal, sol təmayüllü qüvvələr də öz sıralarında konsolidasiya yaratmaq istəyirdi və Misirin daha çox dünyəvi xarakterli imicini qoruyub saxlamaq uğrunda mübarizə aparmaq əzmində idilər. Bundan sonra baş vermiş bəzi lokal çıxışlar, etirazlar və mitinqlər göstərdi ki, protest elektoratı heç də azalmayıb, əksinə çoxalıb və bu cəmiyyətin müxtəlif təbəqələrini əhatə edir. Burada da Müsəlman Qardaşları və Nur partiyasına qarşı olan siyasi qüvvələr öz gücünü toplaya bilmişdi. 2013-cü ilin yazına kimi hadisələr bu məcrada davam etdi.
Mursinin opponentləri olan digər partiyalar da, millətçi, liberal, sol təmayüllü qüvvələr də öz sıralarında konsolidasiya yaratmaq istəyirdi və Misirin daha çox dünyəvi xarakterli imicini qoruyub saxlamaq uğrunda mübarizə aparmaq əzmində idilər.


D.Ə Məhəmməd Mursi kifayət qədər dəstək alıb hakimiyyətə gələ bilmişdi. Müsəlman Qardaşları Hüsnü Mübarəkin dövründə ən çox təqiblərə məruz qalan müxalifət partiyası idi və Mursi hakimiyyətə gələnə qədər kifayət qədər populyar idi. Lakin Məhəmməd Mursinin hakimiyyətdə olduğu dövrdə Misir xalqı Müsəlman Qardaşlarından razı deyildi. Bu narazılığın bir ifadəsi olaraq ölkədə keçən həftə dəyişikliklər baş verdi. Müsəlman Qardaşları niyə hakimiyyət əldə saxlaya bilmədi və xalq arasında onun populyarlığının azalması nə ilə izah olunur?

A.B. Əvvəla, xalq Mursini hakimiyyətə gətirərkən, ona səs verərkən çox böyük gözləntilər var idi, həm Müsəlman Qardaşlarından, həm də onun irəli sürdüyü namizəddən. Mursi Müsəlman Qardaşlarının lideri deyildi, Müsəlman Qardaşlarının lideri başqa bir kəs idi. Mursi onların yalnız və yalnız təmsilçisi idi. Belə bir məsələ var idi ki, Mursi daha cəlbedici, Qərb üçün daha cəlbedici fiqur olduğu üçün onun üzərində dayanmışdılar və gözləntilər çox idi. Gözləntilər ondan ibarət idi ki, Misir cəmiyyəti Hüsnü Mübarəkin rejimindən fərqli bir sistem qurulması tərəfdarı idi. İkincisi, Müsəlman Qardaşlarının seçki öncəsi vədləri bütün sahələri əhatə edirdi. Bu həm tölüküb qalmış sosial-iqtisadi problemlər, korrupsiyanın azaldılması, rəşvətxorluğa qarşı, işsizliklə mübarizə istiqamətində radikal addımların atılması, ilk olaraq isə çökməkdə olan Misir iqtisadiyyatının yenidən bərpasından ibarət idi. Daxili siyasi proqram bundan ibarət idi. Mursinin opponentləri də deyirdi ki, bu vədlərin bu bir ildə heç 70 faizini yerinə yetirə bilməyib. Xarici siyasət sahəsində Müsəlman Qardaşlarının və o cümlədən Mursinin uğurları oldu. Məlumdur ki, Həmas və İsrail arasında qarşıdurma onların vasitəçiliyi ilə çözüldü. Lakin xarici sahədə bu uğur daxili sahədə tətbiq edilə bilmədi. Belə olan şəraitdə Mursinin daha çox avtoritar metodlara, daha çox öz partiyasının mövqelərinin möhkəmlədirilməsi istiqamətində hərəkərə keçməsi bütün bunlar ehtirasların qızışdırılmasına səbəb oldu. Bir tərəfdən, iqtisadiyyatın, sosial sferanın çöküşü və buna qarşı hökumətin heç bir addım atmaması, digər tərəfdən də durmadan öz rəqiblərinə qarşı daha sərt mövqe sərgiləməsi bu iki tərəfdən ziddiyyət yayın əvvəli son nöqtəyə, bu pik nöqtəyə çatmağa başladı. Bu arada, vətəndaş fəalları Mursinin hakimiyyətə gəlməsinin bir ilində “Təmərrüd” hərəkatı yaratdılar. Bunun əsasında bir çox şəhərlərdə bunların təbliğatı və təşviqatı nəticəsində Mursinin hakimiyyətdən dinc yolla getməsi üçün kampaniya keçirilməsi dururdu. İmzalar toplanılırdı. Artıq bu dövrə kimi 15 milyon misirlinin imzası toplanmışdı. Bu nəyin göstəricisi idi. Bu onun göstəricisi idi ki, bir il ərzində Mursinin hakimiyyətdə olması müxtəlif təbəqələr arasında narazılıq doğurmuşdu. Bu rəqəm o narazılığın ifadəsinin göstəricisi idi.


Amma ortada böyük bir qüvvə var, o da ordudan ibarətdir. Ordunun yeri, rolu, mövqeyi Misir cəmiyyətində hələ də yüksəkdir və bu sonuncu hadisələrdə də ordu öz rolunu oynadı və öz mövqeyini göstərdi

D.Ə. Misir cəmiyyəti bir sıra komponentlərdən ibarətdir. Misirin demoqrafiyasının hadisələrdə rolu və bu hadisələrin demoqrafik baxımdan təsirləri nədən ibarətdir?

A.B. Misirdə Hüsnü Mübarəki hakimiyyətdən devirmiş birinci inqilab və inkinci inqilab dövrü də əsas aparıcı qüvvə gənclər və nisbətən orta nəslin təmsilçiləri idi. O dövrdə gənclərin bir mövqedən çıxıç etməsi təbii idi. Hamının bir məqsədi var idi. O da ondan ibarət idi ki, köhnəlmiş, korrupsiyaya uğramış, artıq hamını bezdirmiş Hüsnü Mübarək hakimiyyətinin götürülməsi idi. Bu olan təqdirdə bütün qüvvələrin məqsədləri eyni idi. Amma sonrakı dövrdə təbii ki, hər bir siyasi partiyanın üzvü olan, ya da siyasətə qoşulmayan gənclərin hərəsinin Misirin gələcəyi ilə bağlı öz baxışı, öz mövqeləri var. Belə olan şəraitdə elə təsəvvür yaranır ki, meydanda iki qüvvə var: biri Mursinin əleyhdarları, biri Mursiin tərəfdarları. Yəni mübarizə bu qüvvələrin arasında gedir. Amma ortada böyük bir qüvvə var, o da ordudan ibarətdir. Ordunun yeri, rolu, mövqeyi Misir cəmiyyətində hələ də yüksəkdir və bu sonuncu hadisələrdə də ordu öz rolunu oynadı və öz mövqeyini göstərdi. Ordunun hadisələrdə bu və ya digər şəkildə müdaxiləsi bu məsələnin yekunlaşdırılmasına gətirib çıxardı. İndiki mərhələdə hesab edirəm ki, Misirə vətəndaş birliyi və milli birlik lazımdır ki, əvvəla, qarşıda duran bütün problemləri çözə bilsinlər. Problemlər ondan ibarətdir ki, konstitusiyaya dəyişikliklər edilsin, bu konstitusiya əsasında yeni parlament seçkiləri və növbədənkənar prezident seçkiləri keçirilsin. Siyasi nöqteyi-nəzərdən Misirdə əsas məsələ budur. Amma o da ola bilər ki, Misir cəmiyyətində zorakılıq zəminində yeni parçalanmalar baş versin. Ümid edək ki, bunun qarşısı alınacaq və Misirdə vətəndaş qarşıdurmasının daha da dərinləşməsinə imkan yaranmayacaq.

D.Ə. Aida xanım, istərdim bir qədər də sizin bu yaxınlarda işıq üzü görmüş “Ərəb Baharı” kitabınız haqqında danışaq. Kitabda siz 2011-ci ildə Şimali Afrika və Yaxın Şərq ölkələrinin bürümüş ümumxalq hərəkatları haqda yazmısınız. Kitabda əsas məqamlar nədir və bu ölkələrdəki proseslər bizə nəyi göstərir?

A.B. Bu yaxınlarda “Ərəb Baharı: Reallıqlar və Gözləntilər” adlı kitab məqalələr, qəzet və saytlarda və başqa mətbu orqanlarda mənim çıxışlarımı əks etdirir. Kitabda Tunisdən başlayaraq, indiki dövrə kimi, Suriyada vətəndaş müharibəsinə kimi dövr əhatə olunub. Çoxşahəli sahələr əks etdirilib. Həm Ərəb baharını şərtləndirən səbəblər, həm də ona təkan verən hadisələr, aparıcı siyasi qüvvələr, cəmiyyətin durumu, Ərəb baharının perspektivləri kimi yazılar, ictimai-siyasi proqnozlar bu kitabda öz əksini tapıb.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG