Accessibility links

Akif Qurbanov: Azərbaycan AŞPA qətnaməsini ciddiyə almalıdır


Akif Qurbanov: Azərbaycan AŞPA qətnaməsini ciddiyə almalıdır
please wait

No media source currently available

0:00 0:07:10 0:00

Yanvarın 30-da Strasburqda Avropa Şurası Parlament Assambleyası “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməni qəbul edib. Qətnamə layihəsi Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, islandiyalı deputat Sunna Torhildur Evarsdottirin deputatların əksəriyyəti tərəfindən dəstəklənən hesabatı əsasında hazırlanıb. Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov Amerikanın Səsinə müsahibəsində AŞPA-da müzakirələr və reaksiyalardan danışıb.

Akif Qurbanov Avropa Şurası Parlament Assambleyasında müzakirələrin gərgin, lakin qarşılıqlı debat şəraitində keçdiyini deyib. “Azərbaycan tərəfi çalışırdı ki, bu debatı siyasi mülahizələr istiqamətində aparsın, amma həm məruzəçi, həm də Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər komitəsinin rəhbəri, həm də digər tərəflər mövzunu daha çox planlaşdırılan çərçivədə tutmağa çalışdılar.”

Azərbaycan tərəfi bunları ciddiyə almalıdır və bu problemləri fundamental olaraq aradan qaldırmalıdır. Əgər qaldırmaycaqsa, mütəmadi bu tipli basqılara məruz qalacaq və həm onun imici, həm də beynəlxalq aləmdə, xüsusən, Qarabağ konflikti fonunda apardığı danışıqlarda çox zəif tərəf kimi görünəcək.

Akif Qurbanov islandiyalı deputat Sunna Torhildur Evarsdottirin hazırladığı hesabatın əsasında Avropa Məhkəməsinin qərarlarının əsas kimi götürüldüyünü vurğulayıb. “Hesabatı hazırlayan xanım Sunna məsələyə daha çox siyasi mülahizələr üçün açıq olmayan bir format seçmişdi ki, kimsə bunu siyasi istiqamətlərə aparmasın və o məhz Avropa Məhkəməsinin qərarlarına istinad edərək bu prosesə əsas baza olaraq baxmışdı. Bilirsiniz ki, Azərbaycan Avropa Məhkəməsinin çoxsaylı qərarları var və rekord siyahıdayıq Avropa Şurasında ki, Azərbaycanda 18-ci maddə üzrə, yəni siyasi motivli həbslər yerli məhkəmələrin verdiyi qərarlarda əsas rol oynayıb və məruzəçi də məhz Avropa Məhkəməsinin bu qərarlarına istinad etmişdi ki, siyasi məqsədlərdən dolayı şəxslərin hüquqları pozulur və bu da siyasi məhbus kimi qiymətləndirilir.”

Akif Qurbanov bildirib ki, hesabatda “istinad əsasları, real faktoloji məlumatlar, həm də ümumilikdə baş verən müsbət dəyişikliklərin prosesdə qeyd edilməsi” müəllifin məsələyə tərəfsiz yanaşdığını və məsələni hərtərəfli əhatə etdiyini deməyə əsas verir.

Onun bildirdiyinə görə, AŞPA-da hesabatın müzakirəsi və qətnamənin təsdiqi göstərir ki, təkcə Avropa Şurası deyil, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və digər qurumlar da “bu sənədə istinad edəcəklər”. “Azərbaycan tərəfi bunları ciddiyə almalıdır və bu problemləri fundamental olaraq aradan qaldırmalıdır. Əgər qaldırmaycaqsa, mütəmadi bu tipli basqılara məruz qalacaq və həm onun imici, həm də beynəlxalq aləmdə, xüsusən, Qarabağ konflikti fonunda apardığı danışıqlarda çox zəif tərəf kimi görünəcək. Hətta onun Ermənistan-Azərbaycan münaqişəsində arqumentləri haqlı olsa belə, haqqında formalaşmış imic onun imkanlarını zəiflətmiş olacaq.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG