Accessibility links

Sudanda etirazların simvoluna çevrilən qadın kimdir


Sudan paytaxtı Xartumda on minlərlə insanın hökumət əleyhinə keçirdiyi etiraz nümayişləri zamanı kütlə qarşısında inqilab nəğməsi söyləyən ağ geyimli qadının fotosu və videosu bu günlər sosial medianın fenomeninə çevrilib. Çoxları başında uzun ağ örtük, qulaqlarında isə disk formasında qızıl sırğalar olan qadını Sudanda gedən tarixi etirazların, eləcə də ölkədə dəyişikliklər arzusunun simvolu hesab edir.

Yerli fotoqraf Lana Harun tərəfindən çəkilmiş foto Twitter sosial şəbəkəsində 55 mindən çox dəfə paylaşılıb.

22 yaşlı Alaa Salah çoxu qadınlar olmaqla, böyük insan kütləsinin əhatəsində avtomobilin üstündə nəğmə söyləyir. Onun səsinə səs verən insanlar “Saura”-inqilab deyir.

Alaa Salah nəğməsini bu sözlərlə davam etdirir. “Bizim səsimiz var. Biz nə istədiyimizi deyə bilərik. Biz daha yaxşı həyat və daha yaxşı yerdə olmaq istəyirik.”

Müşahidəçilərin dediyinə görə, ağ geyimli bu qadın Sudan qadınları və qızlarını ilhamlandıraraq, repressiv lider Ömər Bəşirə qarşı tarixi etiraz nümayişlərinin şəksiz simvoluna çevrilib. Bunun bir səbəbi “Kandaka” – Nubiya kraliçası ləqəbi almış Alaa Salahın öz görünüşü ilə Sudanda ənənələr və yenilikləri, qədim dünya tarixində güclü qadın obrazını təcəssüm etdirməsi ilə bağlıdır.

Alaa Salah Xartumda etiraz nümayişləri zamanı, 10 aprel 2019.
Alaa Salah Xartumda etiraz nümayişləri zamanı, 10 aprel 2019.

Sosial şəbəkələrdə sudanlı fəallar Xartum universitetində təhsil alan Alaa Salahın geyiminin detallarına diqqət çəkir. Onların sözlərinə görə, onun ağ örtüyü Sudanın əsas ixracat məhsulu olan pambıqdan istehsal edilib. Bu, həm də Sudanda ofislərdə çalışan təhsilli gənc qadınların geyimidir və şəhərlərdə işləyən qadınların ənənəvi görünüşünü təmsil edir.

Alaa Salahın ərəb ölkələrinin çoxunda qadın gözəlliyini təcəssüm etdirən bütöv Ay şəklində qızıl sırğaları isə ənənəvi olaraq gəlinlərin taxdığı ziynət əşyasıdır. Onun geyimi həm də Sudanda hərbi diktator rejimlərinə qarşı onilliklər bundan əvvəl küçə yürüşlərinə çıxmış qadınlarla bugünkü gənc nəsil arasında əlaqənin simvolu kimi qəbul edilir. Ağ rəng Sudanda həm də başlanğıc, yenilik simvoludur. Ağ geyimdə etiraz edən qadınlar da buna görə qədim Nubiya krallığında qüdrətli kraliçalarının güclü obrazı ilə əlaqələndirilir.

Alaah Salahın qadınların sistematik təzyiqlər və repressiyalarla qarşılaşdığı Sudanda etiraz nümayişlərinin simvoluna çevrilməsi bəzi müşahidəçilər üçün gözlənilməz bir haldır. Verilən xəbərlərə görə, keçən ilin dekabr ayında başlamış etirazlar zamanı onlarla qadın həbs edilb.

Human Rights Watch təşkilatı polisin qadın və qızları onların geyim seçiminə, şalvar geyməsinə və saçları açıq olmasına görə həbs etdiyi haqda məlumatlar verib. Təşkilat qadınların həmçinin “xəyanət” kimi “əxlaq cinayətləri”nə görə şallaq və daşqalaq cəzası alması kimi halların mövcud olduğunu bildirib.

Sudanda 1983-cü ildən şəriət qanunu qüvvədə idi, lakin o, ölkədə sistemli şəkildə tətbiq edilmirdi.

Alaa Salah Xartumda etiraz nümayişləri zamanı, 10 aprel 2019.
Alaa Salah Xartumda etiraz nümayişləri zamanı, 10 aprel 2019.

Prezident Ömər Bəşirin 1989-cu ildə islamçıların köməyi ilə hakimiyyətə gəlişindən sonra qaydalar sərtləşdirilib. Sudanın qeyri-hökumət təşkilatlarının bildirdiyinə görə, 2016-cı ildə ölkədə 15 mindən çox qadın şallaq cəzası alıb.

Xartumda Bəşir rejiminə qarşı etirazlar keçən ilin dekabrında başlayıb. Hüquq müdafiəçilərinin sözlərinə görə, bir çox sudanlı qadın üçün bu rejim onlara qarşı repressiyaları təmsil edir və buna görə də qadınlar etiraz nümayişlərinə dəyişiklik üçün bir imkan kimi baxır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG