Accessibility links

Aleks Vatanka: İranla Azərbaycan arasındakı gərginliyin artması həm Tehran həm Bakı üçün mənfi bir haldır


Aleks Vatanka: İranla Azərbaycan arasındakı gərginliyin artması həm Tehran həm Bakı üçün mənfi bir haldır
please wait

No media source currently available

0:00 0:07:54 0:00

Yaxın Şərq İnstitutunun baş elmi işçisi və İran proqramının direktoru Aleks Vatanka Amerikanın Səsinə müsahibədə İranla Azərbaycan arasındakı gərinliyi şərh edib. O, bu gərginlikdə İsrail-Azərbaycan münasibətinin, Türkiyənin Azərbaycanda nüfuzunun artmasının rolundan bəhs edib.

Amerikanın Səsi: Cənab Vatanka, İran və Azərbaycan arasında son bir neçə həftədir gərginlik mövcuddur. Azərbaycan iranlı yük maşını sürücülərini saxlayıb, İran isə şimal sərhədində hərbi təlimlər keçirib. İran iddia edir ki, İsrailin Azərbaycanda hərbi mövcudluğu var. Azərbaycan isə bu iddiaları rədd edir. Siz iki ölkə arasındakı son gərginlik və bu gərginliyi həll etmək üçün aparılan diplomatik səylər bərədə nə deyə bilərsiniz? İranın Azərbaycanla İsrail arasındakı əməkdaşlıqla bağlı əsas narahatlıqları nədir?

Aleks Vatanka: Məncə iranlılar İsraillə Azərbaycan arasında diplomatik, iqtisadi, habelə hərbi təhlükəsizlik əməkdaşlığın dərinləşməsindən və bunun İranın maraqlarına birbaşa təhlükə yaratmasından narahatdırlar.

Bunun şişirdilmiş bir qorxu olub-olmadığı başqa bir məsələdir. Fakt odur ki, iranlılar Bakı və Qüdsün İranı hədəf ala biləcək şəkildə əməkdaşlıqlarını artıracaqlarını düşünür. Bildiyimiz kimi, Bakı hökuməti İranın ittihamlarını rədd edib və Azərbaycanın İsrailin İranı hədəf ala biləcəyi bir platforma olmaq niyyətində olmadığını bildirib. Amma bu açıqlamanın İran üçün inandırıcı olub-olmadığını görəcəyik.

Burada məsələ ondan ibarətdir ki, Azərbaycan İranla İsrail arasında Yaxın Şərq boyu güc uğrunda gedən rəqabətdə daha böyük rol oynamağa başlayır. Azərbaycan bir neçə səbəblə illərdir İsrailə yaxındır, İranla münasibətləri isə bir neçə səbəbdən iranlırar üçün problemdir. Amma daha öncə də qeyd etdiyim kimi, biz Azərbaycan-İsrail əməkdaşlığının İranı narahat edəcək yeni bir mərhələyə daxil olduğunu görürük ki, onlar buna reaksiya verir.

Amerikanın Səsi: Türkiyə Azərbaycan arasında münasibətlər hər zaman yaxın olub, amma 2020-ci ildə baş verən Dağlıq Qarabağ müharibəsi zamanı onlar daha da yaxınlaşıb. Türkiyə Azərbaycana Rusiya ilə ortaq monitorinq mərkəzinə qoşunlarını göndərib. Türkiyə və Azərbaycan son ildə bir neçə birgə hərbi təlimlər keçiriblər və ən son olaraq Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan 2020-ci il müharibəsi zamanı Azərbaycana qaytarılan Füzuli şəhərində hava limanın açılışında iştirak edib. Bunları nəzərə aldıqda, sizcə İranla Azərbaycan arasındakı son gərginliklər Türkiyənin İranın şimal sərhədində nüfuzunun artması ilə əlaqədar ola bilərmi?​

Aleks Vatanka: İranın İsrailin Azərbaycandakı artan mövcudluğu qədər Türkiyənin də Azərbaycanda mövcudluğunun artmasından narahat olduğuna şübhə yoxdur. Amma aralarında böyük bir fərq var. İranın İsraillə heç bir diplomatik əlaqələri yoxdur və İsraillə rəqabətini gizlətmək qeyri-mümkündür.

Ona görə də iranlıar Bakının İsraillə münasibətlərinə hücum etdiklərində daha açıq dildən istifadə edə bilirlər. Amma İranın Türkiyə ilə çoxşaxəli əlaqələri mövcuddur. Məsələn Türkiyə İranın ən böyük ticarət tərəfdaşlarından biridir və iki ölkə arasında hər iki ölkənin xeyrinə olan təhlükəsizlik əməkdaşlığı mövcuddur. Başqa sözlə desək, iranlılar Türkiyənin Azərbaycanda etdiklərinə İsrailin etdiklərinə kimi reaksiya verə bilməzlər. Buna baxmayraq, biz İranın Türkiyənin Xəzər dənizində keçirilən hərbi təlimlərdə iştirakına necə reaksiya verdiyini gördük. İranlılar Xəzərdə dənizin hövzəsində olmayan ölkələrin mövcud olmamalı olduğunu deyib, amma Azərbaycan Türkiyəni cəlb edib və bu da pozuntudur.

Yəni onlar Azərbaycanın Türkiyəyə Xəzər Dənizində daha böyük rol oynamasına imkan yaratması ilə bağlı narahatlığını ifafə edib. Amma daha öncə də dediyim kimi, iranlılar Türkiyə ilə bağlı söylədiklərinə daha çox ehtiyat etməlidirlər, çünki onların Türkiyə ilə başqa maraqları var. Ancaq İsraillə bağlı istədiklərini deyə bilərlər, çünki İsraillə rəqabət və ziddiyyətdən başqa heç bir münasibətləri yoxdur

Amerikanın Səsi: Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan və Türkiyə Azərbaycanı Ermənistandan keçən Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla birləşdirən ticarət dəhlizini yenidən açmaqla türk dünyasını birləşdirməyi planlaşdırır. Sizcə Türkiyənin Orta Asiyaya birbaşa çıxışı İran üçün nə deməkdir?

Aleks Vatanka: Bu yeni hal deyil. Məncə burada çox siyasi məsələlər var. Türkiyə Sovet İttifaqı dağılandan bəri, son 30 ildə, Orta Asiya-Qafqazda iqtisadi baxımdan, demək olar, ən əsas oyunçulardan biri olub. İran Orta Asiya kimi yerlərdə heç vaxt türklərlə yarışa bilməz. Cooğrafiya bir həqiqətdir. İran Çindən Avropaya tranzit nöqtəsi ola bilər və İranın iqtisadi stimulu da budur. Şərqdən Qərbə ticarət axınını asanlaşdırmaq və bunda rol oynamaq. Amma onların bunu etmələrinin qarşısı alınırsa, bunun səbəbi Türkiyə deyil. Bunun səbəbi İranın nüvə proqramına görə beynəlxlaq səviyyədə təcrid olmasıdır. Yəni əgər iranlılar planlaşdırdıqları tranzit layihələri məsələsində türklərə uduzurlarsa, bu ona görə deyil ki, türklər fantastik dərəcədə daha yaxşı və iqtisadi baxımdan daha cəlbedicidirlər. Bu ona görədir ki, İran bəzi xarici siyasət seçimləri ilə özünü təcrid edib və bu cür böyük trans-regional layihələrdə nəzərə alınmır.

Amerikanın Səsi: Son olaraq, İran və Azərbaycan aralarındakı böhranı dialoq vasitsəilər həll etməyə razılaşıblar. Siz gərginliyin bundan sonra azalacağını yoxsa artacağınımı gözləyirsiniz?​

Aleks Vatanka: Bilirsiniz, Azərbaycanla İranı bölən faktlara baxanda bu faktlar bizə onu göstərir ki, onlar indi olduğu kimi sürüşkən yamacda qalmağa davam etsələr, hər iki ölkə uduzacaq. Bunu görmək çətin deyil. İranla Azərbaycan arasındakı gərginliyin artması həm Tehran həm Bakı üçün mənfi bir haldır.

Reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası İslam Respublikası ilə qarşıdurma yaşamaq istəməz, hətta Türkiyə başqa ölkələr tərəfindən dəstəklənsə belə. Azərbaycan tək başına iranlılara qarşı döyüşə bilməyəcək və bu, onun xarici siyasət baxımından maraqlarını təhlükəyə atacaq.

Bu nöqtədə İran sanksiyalara məruz qalıb, iqtisadi cəhətdən bu qədər zəif olduqları bir vaxt, 20 milyondan ibarət etnik iranlı azərbaycanlı əhalinin Tehrana qarşı səfərbər olmasına imkan verə bilməz. Bu onların hər ikisi üçün əsas amildir. Ona görə də düşünürəm və xüsusilə də İranın bəyanatlarından görürəm ki, hər iki ölkə de-eskalasiya etmək istəyir, hər iki ölkə gərginliyi azaltmaqda maraqlıdır.

İranla Azərbaycan arasında açıq-aşkar səbəblərə görə gərginlik qalacaq. Bu iki ölkə çox müxtəlif xarici siyasət istiqamətlər və yaşayış tərzləri seçiblər. Biri sekulyar ölkədir, digəri teokratiya. Yəni aralarında məhəl qoymaya bilmədiyimiz struktur ziddiyətləri mövcuddur. Amma bu o demək deyil ki, onlar bir-biriləri ilə müharibə aparmalıdırlar. Məncə onların hər ikisi bundan yayınmaq istəyir. Və mən düşünürəm ki, biz münasibətlərin müharibə səviyyəsində olmasa da, gərgin olacağını gözləyə bilərik. Və mən həm də güman edirəm ki, biz gələcək həftələr və aylarda de-eskalasiya yolunda bəzi səylərin aparıldığını görə bilərik.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG