Accessibility links

Urmiyədə milli fəal Əli Əzizi məhkəməyə çağırılıb


İran Azərbaycanının Urmiyə şəhərində yaşayan milli fəal Əli Əzizinin məhkəməsinin vaxtı və şöbəsi Təbriz Cəza Məhkəməsində təyin olunub.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Əli Əzizinin məhkəməsi oktyabrın 21-də Təbrizin Cəza Məhkəməsinin 107-ci şöbəsində keçiriləcək.

Dosyenin birinci hissəsində Əzizinin mühakiməsi sentyabrın 14-də Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsində keçiriləcəkdir.

Məhkəmənin Elektron Sistemi tərəfindən Əli Əziziyə göndərilən çağırış vərəqəsinə əsasən, “kiber məkanda yalan yaymaq”da günahlandırılan bu milli fəal oktyabrın 21-də, Təbriz Cəzə Məhkəməsinin 107-ci şöbəsinə müraciət etməlidir.

Milli fəal dosyenin birinci hissəsində “İran islam respublikasına qarşı təbliğat aparmaq və qanunsuz GAMAC Təşkilatına üzv olmaq” ittihami ilə günahlandırılıb. Bu ittihamlara əlaqədar sentyabrın 14-də Təbrizin İnqilab Məhkəməsinin 3-cü şöbəsində məhkəmə iclası keçiriləcək.

Əli Əzizi iyulun 9-da son müdafiəsini təqdim etmək üçün Təbrizin Ümumi və İnqilab Məhkəməsinin 16-cı şöbəsində olmuşdu. Şöbənin sədri Əzizini kiber məkanda yalan məlumat yaymaqda günahlandıraraq onun müvəqqəti azadlığı üçün lazım olan girovun dəyərini 500 milyon tüməndən 650 milyon tümənə artırmışdı.

Əli Əzizi fevral ayının 23-də İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən atası evində göz altına alınıb və martın 25-də 500 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmlşdı.

Əzizi daha əvvəl dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən tutulub və bu hökümətin məhkəmələri tərəfindən fərqli cəzalara məhkum edilib.

Əli Əzizi İranda kütləvi noyabr etirazları zamanı təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb və Urmiyənin ikinci cəza məhkəməsinin 101-ci şöbəsinin sədri olan hakim Həmid Qulinəjadın hökmü əsasında "ictimai asayişi pozmaq" ittihamı ilə 8 aylıq həbs cəzası müqabilində 15 milyon rial pul cəzası almış və 20 zərbə şallaq cəzasına məhkum edilmişdi.

XS
SM
MD
LG