Accessibility links

Əli Kərimli: "Vahid namizədlə bağlı məsələ hələlik heç müzakirə də olunmayıb"


Əli Kərimli Sərbəst Kürsüdə
Əli Kərimli Sərbəst Kürsüdə

AXCP sədri Amerikanın Səsinin Sərbəst Kürsü forumunun qonağı olub

Milli Şuranın elan edildikdən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Sərbəst Kürsüdə canlı forumunda oxucuların Milli Şura ilə bağlı suallarını cavablandırıb. Foruma olan böyük marağı nəzərə alaraq Əli Kərimlinin qonaq olduğu Sərbəst Kürsünü sizə təqdim edirik:
Emil Quliyev [moderator]: Əli bəy, axşamınız xeyir. Sizi Amerikanın Səsində yenidən salamlayırıq.

Əli Kərimli: Salam Emil bəy. Oxucuları da salamlayıram.

Emil Quliyev: Çox sağ olun, Əli bəy. Mən də oxucularımızı salamlayıb, onlardan daxil olan ilk sualı sizə ünvanlamaq istəyirəm. Sərdar Əsədov adlı oxucumuz Facebook vasitəsilə sizə belə bir sual verib:
- Bir sualım var. İsa Qəmbər Müsavat partiyasının başqanı deyil. 3-cü dəfə seçilməyəcəyini də AzadlıqRadiosunun efirindən bəyan edib.
Nəyə görə İsa bəy Milli Şurada Müsavatı təmsil edir.
Milli Şurada nəyə görə Müsavatın indiki başqanı təmsil olunmur. Nə qədər şəffaf birlikdir?!

Əli Kərimli: Sualdan çox təəccübləndim. Yəni oxucumuz həqiqətənmi İsa bəyin Musavat partiyasının başqanı olduğunu bilmir? Musavat partiyasının öz sədrini nə zaman və hansı posedurlarla dəyişməsi həmin partiyanın daxili işidir. Hazırda İsa bəy həm İctimai Palatada, həm Milli Şurada, həm də bütövlükdə ölkənin siyasi həyatında Musavat partiyasını sədr kimi təmsil edir.

Sual [İlkin]: Salamlayıram Əli bəyi. Vahid namizəd kim olacaq, bununla bağlı razılığa gəlinibmi?

Cavab: Milli Şura hələ formalaşma mərhələsindədir. Hələlik vahid namizədlə bağlı hər hansı razılaşmamız yoxdur.Amma, şəxsi fikrimi deyirəm, məntiq və ölkədə siyasi proseslərin axarı bizdən tələb edir ki, Milli Şura olaraq qarşıdan gələn prezident seçkilərində vahid namizədlə iştirak edək.

Sual [Fariz Alekberov]: Əli bəy, salam. Sizi Milli Şuranın yaranması münasibətilə təbrik edirəm! Bilmək istərdim ki, Milli Şuranın İctimai Palatadan fərqi nə olacaq? Yenə İctimai Palata kimi 2-3 aydan bir aksiya keçiriləcək?

Cavab: Salam Fariz bəy. Milli Şuranın əsas hədəfi qarşıdan gələn prezident seçkilərinin daha demokratik şəraitdə keçirilməsinə nail olmaqdır. Bu işlə artıq yalnız İctimai Palata deyil, ölkənin bütün demokratik qüvvələri birlikdə məşğul olacaq. Fəaliyyətimiz rəngarəng olacaq. Həm xalqı mübarizəyə səfərbər etmək, bu məqsədlə müxtəlif görüşlərin, mitinq və yürüşlərin keçirilməsini planlaşdırırıq. Həm də Milli Şuranın vahid seçki platformasını, müxtəlif məsələlər üzrə proqramlarını və mövqe sənədlərini hazırlamağı düşünürük.

Sual [Suleyman Sultanlı]: Bəziləri deyir ki, Rüstəm İbrahimbəyov və El hərəkatı, o cümlədən onların təşəbbüskarı olduğu Milli Şura Rusiyaya bağldır. Bu söz-söhbətlərə son qoymaq üçün hansı real faktları ortaya qoya bilərsiniz?
Cavab: Milli Şuranın yaranmasından hökumət çox narahatdır. İndiyə qədər müxalifətə qarşı təbliğat aparırdılar ki, birləşə bilmirlər. İndi də deyirlər ki, niyə görə bu qədər müxtəlif qüvvələr birləşirlər? Yəni hökumət və onun təbliğatını aparanlar həmişə bir ittiham tapacaqlar müxalifətə qarşı. Hazırda hökumət ideoloqları belə qərara gəliblər ki, ölkənin milli-demokratik düşərgəsinin də tam olaraq təmsil olunduğu Milli Şuraya məhz “Rusiya ilə əlaqə” ittihamını irəli sürsünlər. Formal əsas Milli Şura təşəbbüsü ilə çıxış etmiş Rüstəm İbrahimbəyovun özünün hazırda Moskvada yaşaması və Azərbaycan mətbuatında daha çox “milyarderlər ittifaqı” kimi tanınan diaspora təşkilatı ilə əlaqələrindən istifadə olunur. İttihamlar tam əsassızdır.
1. Ölkədə müstəqilliyimizin əldə olunmasında və qorunmasında müstəsna rolu olmuş, Azərbaycanın avroatlantik məkana inteqrasiyasını hər zaman dəstəkləmiş,M. Ə. Rəsulzadə və Ə.Elçibəyi özünə lider bilən AXCP və Musavat Milli Şuranın formalaşmasında və əminəm ki, idarə olunmasında da mühüm rola malikdir.
2. Rüstəm bəy əslində dünya vətəndaşıdır. Rusiyada olduğu kimi ABŞ və Fransada da evi və işləri var. Bu miqyaslı şəxsiyyətin kiminsə adamı olmasını necə təsəvvür etmək olar? Eldar bəy neçə ildir ki, fəaliyyət göstərən avrointeqrasiya mərkəzinin rəhbərlərindən biridir.
3. Milli Şura olduqca kollegial və şəffaf fəaliyyət göstərəcək. Hətta nəzəri cəhətdən təsəvvür etsək ki, onun hansısa üzvü və ya üzvləri Azərbaycanın deyil, başqa bir ölkənin maraqlarından çıxış edəcək, o halda da həmin şəxs və ya şəxslər özlərini ifşa etməkdən başqa heç nəyə nail ola bilməzlər.
4. Milli Şuranın siyasi bəyannaməsində Azərbaycanın Avropa ailəsinə qoşulmaq arzusu aydın şəkildə öz əksini tapacaq.

Sual [Elchin]: Əli Kərimlini salamlayıram. Bu gün o, prezidentliyə ən şanslı namizəddir, bütün parametrlərə görə bu belədir. Amma mən hiss edirem ki, Əli bəy güzəştə meyillidir. Sualım da bundan irəli gəlir. Əli bəy Rüstəm İbrahimbəyovu keçid dövrünün prezidentliyə namizədi kimi qəbul edə bilərmi? AXCP belə qərar qəbul edib ki, Milli Şuranın başqa namizədini də dəstəkləyə bilər. Bu namizəd Rüstəm müəllimdirmi?

Cavab: Elçin bəy, dəstək üçün təşəkkür edirəm. Mənim də, partiyamızın da prezident seçkiləri ilə bağlı mövqeyi aydın və birmənalıdır. Çalışmaq lazımdır ki, bu seçkilərdə ölkədə hakimiyyəti demokratik yolla dəyişmək imkanı yaransın. Hamı birləşib seçkilərə vahid namizədlə getsin. Bu isə o zaman ola bilər ki, prezidentliyə əsas namizədlər ən azı nəzəri də olsa başqasının da vahid namizəd olmasını mümkün saysınlar. Mən də bəyan etmişəm ki, Milli Şura AXCP sədrinin namizədliyini məqbul bilsə, bu məsuliyyəti üzərimizə götürəcəyik. Başqa bir şəxsin namizədliyi üzərində hamılıqla dayanılsa, həmin şəxsi də müdafiə edərik. Vahid namizədlə bağlı nəinki razılaşma yoxdur, heç bu məsələ hələlik müzakirə də olunmayıb.

Sual [İlahə]: Salam, Əli Bəy. Bilmək isdərdim Milli Şuranın tərkib hissəsi nə zaman açıqlanacaq?

Cavab: Salam İlahə xanım, yaxın günlərdə həm Milli Şuranın tərkibi elan olunacaq, həm də bəyannaməsi.

Sual [Vüqar Qurdqanlı]: Əli bəyi salamlayıram və Milli Şuranın elan olunması ilə bağlı təbrik edirəm. Sualım: İsa Qəmbər verdiyi açıqlamada Avropaya inteqrasiya məsələsinin İbrahimbəyov və Eldar Namazov tərəfindən qəbul edilmədiyini, Milli Şuranın da məhz bu səbəbdən bir qədər gec elan olunduğunu bildirib. Eldar Namazov bu məsələni təkzib edir. Siz nə baş verdiyini açıqlaya bilərsinizmi?

Cavab: Salam Vüqar bəy. Məncə Milli Şura yaranan kimi intriqalara başlamalı deyil. Əsas odur ki, artıq bütün fikir ayrılıqları arxada qalıb. Hamını qane edən kompromis əldə olunub. Keçmişi təftiş etmək yox, gələcəyə baxmaq lazımdır. Bizi ayıran məqamları deyil, birləşdirən məqamları tapmaq lazımdır.

Sual [Soltanoff]: Salam Əli bəy, mənim ilk sualım ondan ibarətdiki bu il vahid namizəd olacaq? İkinci sualım isə kütləvi aksiyalar gözlənilir?

Cavab: Salam, Milli Şuranın adından mən vahid namizədlə bağlı bəyanat verə bilmərəm. Ümid edirəm ki, biz tezliklə bu məsələni də müzakirə edəcəyik. Özüm şəxsən Milli Şuranın seçkilərdə vahid namizədlə iştirakına tərəfdaram. Kütləvi aksiyaları da birlikdə müzakirə etməliyik. Kütləvi aksiyalarsız seçki olmaz ki. Amma nə zaman? Harada? Hansı tələblərlə? suallarını birlikdə cavablandırmalıyıq.

Emil Quliyev [moderator]: Növbəti sualı Nicat adlı oxucu göndərib. O, AXCP-nin Müsavat Partiyası ilə əlaqəsinə toxunur:
- Salam Əli bəy, bəzən siravi üzvləriniz, bəzən də rəhbərlikdə təmsil olunan üzvləriniz müttəfiqiniz olan Müsavat partiyasını və partiya başqanı İsa Qəmbəri pozuculuqda, dağıdıcılıqda ittiham edirlər. Dünən Milli Şuranın elan olunmasının gecikməsini də İsa Qəmbərə bağlayıb bir çox üzvlərini İsa Qəmbərə bu yöndə ittihamlar etdilər. Üzvlərinizin bu ittihamlarından belə çıxır ki, İsa Qəmbər pozucudur, Əli Kərimlinin bundan xəbəri yoxdur. Bu haqda nə deyə bilərsiniz?

Əli Kərimli: Salam Nicat bəy. İsa bəylə və digər liderlərlə konstruktiv şəkildə, birlikdə işlədik ki, Milli Şuranın yaradılmasına nail ola bildik. Bəzən partiya üzvləri də, müstəqil vətəndaşlar da siyasətçilərə sərt yanaşırlar, liderləri əsassız da ittiham edirlər. Bizim bütün çalışmalarımıza baxmayaraq, təəssüf ki, bəzi cəbhəçilərin İsa bəyi, bəzi musavatçı dostların da məni əsassız ittiham etdiyi hallar olur. Mən belə hallara səbrlə yanışıram. İsa bəyin də belə yanaşdığını bilirəm. Əminəm ki, AXCP və Musavatı bir-birinə bağlayan tellər çox güclüdür.

Sual [Beyim]: Axşamınız xeyir olsun, Əli bəy. Əvvəlcə sizi birlik cəhdlərinizin uğurla başa çatması səbəbilə təbrik edirəm və sizə təşəkkür edirəm. Sualm isə belədir. Vahid namizədlə bağlı açıqlamalarınızdan belə görünür ki, vahid namizəd olmaması ehtimalı da var. Bu həqiqətən belədirmi?

Cavab: Salam Beyim xanım. Təbrik və dəstək üçün təşəkkür edirəm. Məntiqlə seçkilərə 4 ay yarım qalmış birləşiriksə, seçkilərə də vahid namizədlə getməliyik. Amma bu da faktdır ki, Milli Şurada vahid namizədlə bağlı hələlik müzakirələr aparılmayıb və təbii ki, müvafiq qərar da yoxdur. Milli Şuranın yaranması işlərin bitməsi yox, daha ciddi fəaliyyətin hələ başlanması anlamına gəlir. Cəmiyyət də, ictimai rəy də nəinki arxayınlaşmamalı, əksinə siyasi proseslərin daha ciddi monitorinqini aparmalıdır.

Sual [Qorxmaz]: Salam Əli bəy.Əgər seçkilərə kimi seçki mühiti dəyişməsə, Milli Şura seçkilərə gedəcəkmi?

Cavab: Salam Qorxmaz bəy, hələ bu məsələlər müzakirə olunmur. Əvvəlcə seçkilərə vahid namizədlə gedib, seçki mühitini dəyişməyə çalışmaq lazımdır.

Emil Quliyev [moderator]:Gunaydın” adlı oxucu yazır:
- Milli şura olmadıqda, məgər müxalifət ayrı ayrılıqda öz güclərinə inanmırdılarmı? Bu müxalifət birliyinin nə xeyri olacaq Xalqımıza?

Cavab: Müxalifət ötən illərdə çox fədakarlıqlara imza atıb. Amma imkanlar qeyri-bərabər, rejim çox qəddar olduğundan, bir çox daxili və xarici faktorlar səbəbindən partiyaların və blokların indiyə qədər apardığı mübarizə arzu olunan nəticəni verməyib. Məntiq bizə deyir ki, problemi həll etməyə ayrı-ayrılıqda imkanımız çatmayıbsa, birlikdə həll etməyə çalışmalıyıq.

Sual [Nərmin]: Əli bəy, yuxarıda suallardan birinə cavabınızda qeyd etmisiniz ki, “Vahid namizədlə bağlı nəinki razılaşma yoxdur, heç bu məsələ hələlik müzakirə də olunmayıb” – Sizcə, artıq vaxt deyilmi, daha doğrusu gecikmirmi? Avqustun 17-nə iki aydan bir qədər çox vaxt qalıb. MSK artıq bu gün seçicilərin sayını, qadın-kişi və gənc seqmentini faizlərlə elan edib. Seçicilərin 27.5 %-i gənclərdir. İndi artıq vahid namizədin kimliyi hazır olub, müxtəlif seçici hədəf qruplarına hansı mesajlarla müraciət edəcəyi müzakirə edilməli idi. Vahid namizəd siz olacağınız təqdirdə müxtəlif hədəf qruplarına mesajları necə çeşidləməyi düşünürsünüz, hansı vasitələrlə çatmağı fikirləşirsiniz?

Cavab: Nərmin xanım, haqlısınız. Yaxşı olardı ki, indiyə qədər vahid namizədi müəyyən etmiş olardıq. Şəxsən mən təqribən 1 il bundan qabaqdan müxalifətin böyük birliyinin formalaşmasını, birləşmiş müxalifətin isə seçkilərə vahid namizədlə getməsini təbliğ edirəm. Bir müddət ideyanın təbliğinə və əsaslandırmasına getdi. 2 aydan artıqdır ki, Milli Şuranın yaranmasını müzakirə edirik. Kaş ki, razılığı tez əldə edəydik…
Bizim partiyamızda xeyli müddətdir ki, platforma komissiyası işləyir. Müxtəlif seçici hədəf qruplarına məsajlarımız hazırlanır. Bəzi mesajları mən artıq facebook səhifəm vasitəsilə paylaşmışam da. Mən namizəd olacağım təqdirdə bu mesajları çatdırmaq üçün bütün ımkanımız çatan vasitələrdən istifadə olunacaq. Düşünürəm ki, ənənəvi təbliğat və informasiya vasitələri ilə yanaşı bu seçkilərdə internetin, o cümlədən sosial şəbəkələrin vacib rolu olacaq. Bundan əlavə könüllülərimiz hazırdırlar ki, bütün ailələrin qapılarını döyüb, hamı ilə şəxsən danışsınlar, mesajlarımızı onlar üçün məqbul formada şəxsən çatdırsınlar.

Emil Quliyev [moderator]: Əli bəy, suallar həddən artıq çox olsa da, təəssüf ki, Sərbəst Kürsüyə ayrılmış iki saat başa çatır. Bu vaxt ərzində mümkün qədər çox suala cavab verdiyiniz üçün sizə minnətdarlığımızı bildiririk.

Əli Kərimli: Sizə də, oxuculara da təşəkkür edirəm.

Emil Quliyev: Mən də həmçinin oxucularımıza foruma göstərdikləri yüksək marağa və eləcə də suallara və şərhlərə görə minnətdarlığımı bildirirəm. SƏRBƏST KÜRSÜ SİZİN BLOGUNUZDUR. Növbəti forumunda görüşənədək…

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG