Accessibility links

Ali Məhkəmə: Tramp divarın inşası üçün Pentaqonun büdcəsindən istifadə edə bilər


ABŞ-ın Ali Məhkəməsi
ABŞ-ın Ali Məhkəməsi

Ali Məhkəmə cümə günü Tramp administrasiyasına müdafiə nazirliyinin büdcəsindən milyardlarla dolları Meksikada sərhəd divarının inşası üçün istifadə etməyə icazə verdi.

Daha öncə aşağı instansiyalı məhkəmə bu pulların divar layihəsi üçün istifadə olunmasına qadağa tətbiq etmişdi.

Hakimlərin qadağanı aradan qaldırmaq qərarı ilə prezident Donald Tramp qarşıdan gələn seçkidən öncə 2016-cı ildə aparılan prezident kampaniyası etdiyi vədini yerinə yetirə biləcək. Tramp qərardan sonra Twitter hesabında yazıb: “Ali Məhkəmə aşağı instansiyalı məhkəmənin qadağasını qaldırdı və Cənub Sərhəd Divarının inşasına icazə verdi. Bu, Sərhəd Təhlükəsizliyi və Qanun Aliliyi üçün böyük Qələbədir” .

Trampın divarın inşası üçün ayırdığı pula inşaat fondlarından 3.6 milyard dollar, Müdafiə Nazirliyi büdcəsindən 2.5 milyard dollar, Maliyyə Nazirliyinin büdcəsndən isə 600 milyon dollar daxildir.

ABŞ-Meksika sərhədi
ABŞ-Meksika sərhədi

Ali Məhkəmənin nəzərdən keçirdiyi pula Müdafiə Nazirliyinin büdcəsindən alınan 2.5 milyard dollar daxildir. Administrasiya bu puldan 160 kilometrdən çox uzun hasarın inşası üçün istifadə ediləcəyini bildirir. Bir layihə çərçivəsində 789 milyon dollara Nyu Meksikoda 74 kilometlrik baryer yenilənəcək. Bir digər layihə 646 milyon dollara Arizonada 101 kilometrlik hasar əvəzləyəcək. Kaliforniya və Arizonadakı digər iki layihə kiçik miqyaslıdır.

Məsələ ilə bağlı Ali Məhkəməyə Amerika Vətəndaş Haqları İttifaqı müraciət edib. Puldan istifadəyə icazə verən hakimlər qərarları ilə bağlı uzun izahat yazmayıb. Lakin onlar deyib ki, bunu etmələrinin arxasındakı səbəblərdən biri odur ki, hökümət onlara qarşı iş qaldıranların pulun necə istifadə olunacağına etiraz etməyə haqlarının olmadığını göstərib.

Ədliyyə Nazirliyinin sözçüsü Aleksey Voltornist bəyanatda bildirib: “Biz Ali Məhkəmənin aşağı instansiyalı məhkəmələrin cənubi sərhəddə divarın inşasını dayandırmamalı olduğuna dair qərar çıxarmasını alqışlayırıq. Biz administrasiyanın ölkəmizi qorumaq səylərini müdafiə etməyə davam edəcəyik”.

Amerika Vətəndaş Haqları İttifaqının (ACLU) vəkili məhkəmənin qərarını elan etməsindən sonra deyib ki, mübarizə hələ “bitməyib”. “Məsələ hələ davam edir, amma Ali Məhkəmənin qərarı ACLU-nun qələbə əldə etmək ehtimalının çox az olduğuna işarədir. ACLU qazansa belə, o zamanadək hasar tikilmiş olacaq”.

Hakimlər Rut Beyder Ginsburq, Sonia Sotomayor və Elena Keyqan tikintinin başlmasına iazə verməzdi. Hakim Stefen Breyer deyib ki, o, hökümətin inşaat firmaları ilə müqavilələri yekunlaşdırmağa icazə verər, amma aşağı instansiyalı məhkəmə davam edərkən tikintinin başlamasına imkan verməzdi.

Administrasiya iddia edir ki, əgər sentyabrın 30-dək müqavilələri yekunlaşdıra bilməsə, pullardan istifadə imkanını itirəcək. Administrasiya məsələyə tez baxılmasını istəyib.

Ali Məhkəmə yay məzuniyyətində olsa da, bəzi mühüm məsələlərlə bağlı qərarlar verir.

XS
SM
MD
LG