ABŞ Ali Məhkəməsinin çoxluq təşkil edən mühafizəkar hakimləri çərşənbə günü administrasiyanın ölkədəki sənədsiz insanların sayını müəyyən etmək məqsədilə ABŞ-da 2020-ci ildə aparılacaq siyahıyaalma sorğusuna vətəndaşlıq sualını daxil etmək təklifinə isti yanaşıb. Əleyhdarlar iddia edir ki, bu sual immiqrantları əhalinin siyahıyaalınmasında iştirak etməkdən çəkindirə bilər. Məsələ Nyu York və Kaliforniyadakı federal məhkəmələr bu sualın siyahıyaalma anketinə daxil edilməsinin qarşısını alandan sonra Ali Məhkəmə qarşısında qaldırılıb. Kommersiya Departamenti onların qərarlarını ləğv etmək istəyir.
Nümayişçilər çərşənbə axşamı siyahıyaalma anketinə vətəndaşlıq sualının əlavə edilməsinə etiraz etmək məqsədilə ABŞ Ali Məhkəməsinin önündə toplaşıb.
Sualın anketə daxil edilməsinin əleyhdarları deyir ki, bu sual milyonlarla insanı, xüsusilə də latino immiqrantları qorxudacaq.
“‘Siz vətəndaşsınız?’ sualı sadəcə anketdə bir sualdan ibarət deyil. Bu sualın arxasındakı məsələ Amerikadakı hər kəsin hesablanıb-hesablanmamısıdır. Hökümətin hesablamalarına əsasən bu sualın siyahıyaalmaya daxil edilməsi 6.5 milyon insanın siyahıyaalmada iştirak etməməsinə gətirib çıxaracaq. Onlar bizim əhali sayından yoxa çıxacaqlar”, vəkil Deyl Ho deyir.
Əhalinin siyahıyaalınması hər on ildən bir həyata keçirilir və ABŞ Nümayəndələr Palatasındakı yerlərin sayını müəyyən etmək, habelə 800 milyard dollar dəyərində federal pulların bölüşdürülməsi üçün istifadə olunur. Vətəndaşlıq sualının əleyhdarları deyir ki, administrasiyanın planı immiqrantları siyahıyaalmada iştirak etməkdən yayındırmaqdır. Bu isə icmaları siyasi baxımdan müvafiq şəkildə təmsil olunmaqdan və təhsil, infrasktruktur və ictimai xidmətlər üçün ayırılan federal yardımdan məhrum edə bilər.
“Administrasiyanın vətəndaşlıq sualı üzərindəki israrı qaradərili immiqrantlar da daxil olmaqla digər immiqrantların sayını az hesablamaq məqsədli irqçi sxeminin bir hissəsidir ki, bizi icmamızdan, resurslardan və təmsil olunmaqdan məhrum etsinlər”-deyə, Ədalətli İmmiqrasiya naminəQaradərili Alyansın icraçı direktoru Nana Gyamfi bildirir.
İdeoloji görüşlər baxımından ikiyə bölünmüş Ali Məhkəmə belə görünür 5-4 səs fərqi ilə Tramp administrasiyanın xeyrinə səs verəcək. Məhkəmənin qərarını iyun ayında açıqlayacağı gözlənilir.
“Məncə hökümət qalib gələcək. Konqresin qəbul etdiyi qanuna əsasən kommersiya naziri siyahıyaalma anketinə hansı sualların daxil edildiyi ilə bağlı qərar vermək səlahiyyətinə malikdir. Mən bunun əleyhinə irəli sürülən iddiaların məhkəmədə yetərli olacağını düşünmürəm”, Heritage Fondundan Hans von Spakovski bildirir.
Sualın daxil edilməsini dəstəkləyənlər iddia edir ki, bu sualda insanların ölkədə qanuni və ya qanunsuz şəkildə yaşadığını soruşulmur və anketdəki bütün suallar gizli saxlanılır. Bu isə o deməkdir ki, Siyahıyaalma Bürosu bu məlumatları başqa federal idarələrlə bölüşə bilməz.