Accessibility links

Ali Məhkəmənin sədri məhkəmələrdə baxılan işlərin azaldığını bildirib


Ramiz Rzayev
Ramiz Rzayev

2018-ci ildə birinci instansiya məhkəmələri 246 920 işə baxıb: 224 584 mülki, 5029 iqtisadi iş və inzibati mübahisələrə dair 17 307 iş.

Bu barədə Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev aprelin 17-də keçirdiyi mətbuat konfransında bildirib.

2017-ci illə müqayisədə baxılan işlərin sayı 30,5% azalıb. Ötən il Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında ləğv edilən işlərin sayı da azalıb, Rzayev deyib, ancaq konkret rəqəm göstərməyib və düzgün hökm çıxarılmayan hakimlərin hansı sanksiyalara məruz qaldığını açıqlamayıb.

2018-cü ildə Ali Məhkəmənin mülki, cinayət və hərbi kolleqiyaları tərəfindən baxılan işlərin sayı 6,5%, 3,1% və 8,9% azalıb. Eyni zamanda inzibati-iqtisadi kollegiya tərəfindən baxılan işlərin sayı 4 % artıb.

Ramiz Rzayevin sözlərinə görə, məhkəmələr problemli kreditlər üzrə işlərin icraatını dayandırıb. Bu, ölkə prezidentinin fərmanından sonra baş verib. Fərmanın icrası üçün Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə işçi qrupu yaradılıb.

Beynəlxalq və yerli ekspertlər Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatlara ehtiyac olduğunu bildirir. Yerli mediada bir çox məhkəmə qərarlarının sifarişli əsasda qəbul olunması ilə bağlı vəkillərin, müxalifətdə olan siyasi partiya rəhbərlərinin, biznes nümayəndələrinin çoxsaylı məqalələri dərc edilib.

Beynəlxalq Vəkillər Kollegiyası Assosiasiyasının İnsan Hüquqları İnstitutunun – IBAHRI Azərbaqycan məhkəmələrində ifadə azadlığı ilə bağlı hesabtında effektiv hüquqi yardımın çatışmazlığı, müdafiəyə hazırlaşmaq üçün kifayət qədər vaxtın ayrılmaması, şahidlərin çağırılması və üzləşdirmədə çatışmazlıqlar, həmçinin ağlabatan qərarın tələb edilməsi hüququnun məhdudlaşdırıldığı qeyd edilir.

Hesabatda həmçinin məhkəmə hakimlərinin hökumətin təsirindən kənarda müstəqil şəkildə fəaliyyət göstərmələri üçün prokuror və müdafiəçilər arasında güc bölgüsünün bərabər şəkildə təmin edilməsi üçün müxtəlif tövsiyyələr irəli sürülür.

“Hər hansı məhkəmə hakiminin ədalətli məhkəmə standartlarını pozaraq ittihamın tərəfini tutduğu təqdirdə Ali Məhkəmə məhkəmənin ədalətli keçirilməsini təmin etmək üçün özü addımlar atmalı, lazım gəldiyi təqdirdə ittihamı dayandırmalıdır,” Hesabatda qeyd edilir.

Avropa İnsan Hüquları Məhkəməsinin də Azərbaycanda ədalətli məhkəmə araşdırılmasının təmin edilməməsini tanıdığı çoxsaylı qərarları var.

Bu il aprelin 3-də prezident İlham Əliyev "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərman imzalayıb.

“Bütün məhkəmələrin sədrlərinə, hakimlərinə tövsiyə edilir ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və məhkəmələrə etimadın möhkəmlənməsindən ötrü fəaliyyətlərində ədalətli olsunlar, habelə, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun qarşısında bərabərliyinə və Azərbaycan Konstitusiyasında və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər,” fərmanda qeyd edilir.

XS
SM
MD
LG