Accessibility links

Ali Nümayəndə: Avropa İttifaqı ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərlik etdiyi formatı dəstəkləməkdə davam edir


Avropa İttifaqının Ali nümayəndəsi, vitse-prezident Josep Borrelli Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanatla çıxış edib.

Ali nümayəndə Dağlıq Qarabağ və onun ətrafında hərbi əməliyyatların dayandırılmasını alqışlayır.

“Bazar ertəsi (noyabrın 10-da) Ermənistanla Azərbaycan arasında Rusiya vasitəçiliyi ilə razılaşdırılmış atəşkəs insan tələfatının qarşısını almağa kömək edəcəkdir və ümid edirəm ki, məsələnin hərtərəfli şəkildə həll olunması yolunda bu, atılan ilk addımdır. Indi danışıqlar zamanı istənilən həll yolunun davamlı olmasını təmin etmək lazımdır. Avropa İttifaqı ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərlik etdiyi qurulmuş formatı dəstəkləməkdə davam edir, bu cəhdlərə və bütün Cənubi Qafqaz bölgəsinin dinc və firavan inkişafı üçün sazişlərin həyata keçirilməsinə töhfə verməyə hazırdır,” Josep Borrellinin bəyanatında deyilir.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları Azərbaycan və Ermənistanın hərbi əməliyyatları dayandırması barədə birgə bəyanat imzalayıb.

Sənədə görə noyabrın 10-dan etibarən tam atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırıldığı elan edilib. Bəyanatda deyilir ki, dekabrın 1-dək Ermənistan Silahlı Qüvvələrini Azərbaycanın beynəlxalaq səviyyədə tanınmış ərazisindən tam çıxaracaq.

Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilir.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1992-ci ildə münaqişənin sülh yolu ilə nizamlanmasında vasitəçilk edən ATƏT-in Minsk Qrupu yaradılıb. Son 28 ildə Minsk Qrupu münaqişənin siyasi yolla nizamlanmasına nail ola bilməyib.

1994-cü ildə tərəflər atəşkəs barədə razılaşma əldə edilənədək Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonu erməni silahlı qüvvələrinin nəzarətinə keçib. 2016-cı ilin aprelində hərbi əməliyyatlar bərpa edilib və Rusiya prezidentinin təşəbbüsü ilə iki ölkə yenidən atəşkəs rejiminə qayıdıb. 2020-ci ilin iyulunda Azərbaycanın Ermənistanla həmsərhəd rayonu Tovuz rayonu ərazisində döyüşlər olub.

2020-ci il sentyabrın 27-də qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər nəticəsində hər iki tərəfdən çoxsaylı hərbi və mülki şəxslər həlak olub. Minlərlə ev və mülki obyektlər dağıdılıb. Döyüşlər nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində olan üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayon mərkəzini və Şuşa şəhərini azad edib.

Şərhlərə bax

XS
SM
MD
LG