Accessibility links

Prezident Əliyevin tənqidi müxalifətin kəskin reaksiyasına səbəb olub


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Prezident müxalifəti “antimilli qüvvələr” adlandırıb, müxalifət isə “Azərbaycanı idarə edənlərin vətənpərvərlikdən danışmağa haqqı yoxdur” deyib.

İyulun 11-də Nazirlər Kabinetinin iclasında dövlət başçısı müxalifəti antimilli fəaliyyətdə və “Eurovision-2012” ərəfəsində ölkənin mənafeyinə zidd hərəkətlərə baş vurmaqda ittiham edib.
Prezident Əliyevin fikrincə, müsabiqə əsassız yerə siyasiləşdirilib. Müsabiqənin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən dövlət başçısı deyib ki, antiazərbaycan qüvvələri birləşərək bu müsabiqəyə qarşı kampaniya təşkil edib.
İlk növbədə böhtan kampaniyasına erməni lobbisi - Azərbaycan xalqının və dövlətinin bir nömrəli düşməni başlayıb. Kampaniyaya müsəlman ölkəsində “Eurovision”un keçirilməsi ilə barışmayan islamofobiyaya tutulmuş qüvvələr cəlb edilib. Üçüncü qrupa isə yerli antimilli qüvvələr daxil edilib.
“Mən onlara qüvvə demərəm, elementlər, ünsürlər desəm daha dəqiq olar, - bax, onlar birləşərək Azərbaycana qarşı çox çirkin, yalan və böhtan üzərində kampaniya aparmağa başlayıblar. Həm xarici, həm daxili mətbuatda qəsdən müəyyən təxribatların baş verməsini onlar təşkil edib. Onlar üçün, yəni xüsusilə daxildəki bu elementlər üçün siyasi həyatda bir prinsip var ki, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Yəni, Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yanlış məlumat yaymaq, erməni lobbisi ilə birləşmək - bütün bunlar bizim gözümüzün qabağında baş vermiş hadisələr idi.
“Eurovision”a qədər 20-ci sahədə ayrılan yerdə üç mitinq keçirilib. Mən bir daha demək istəyirəm ki, onlar üçün ən məqbul yer 20-ci sahədir və özləri də öz xoşu ilə 20-ci sahədə mitinqləri çox sakit şəkildə keçirdilər. Heç kim onlara dəymədi. Amma görəndə ki, hər dəfə, - yəni üç dəfə belə yığıncaqlar keçirildi, - oraya gələn insanların sayı getdikcə azalır, yeni taktikaya əl atdılar. Şəhərin mərkəzində qanunsuz piket, ya mitinq keçirməklə xarici mətbuatın diqqətini cəlb etməyə cəhd etdilər. Bu, sırf təxribat xarakteri daşıyan bir addım idi”, - dövlət başçısı vurğulayıb.
Dövlət başçısının müxalifətin əleyhinə səsləndirdiyi tənqid cavab reaksiyasına səbəb olub.
Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov İlham Əliyevin çıxışında hansısa yenilik olmadığını bildirib. “Yenilik o idi ki, son günlər hakimiyyət cəmiyyətdə vətəndaş cəmiyyəti və müxalifətlə dialoq istəməsi barədə mif yaratmağa cəhd edirdi. Mən əvvəldən də buna inanmamışdım və vətəndaş cəmiyyəti ilə ilk görüşdən imtina etmişdim”, - deyə o qeyd edib.
Eldar Namazov hesab edir ki, İ.Əliyevin çıxışından sonra artıq bütün suallara nöqtə qoymaq olar. “Hakimiyyət demokratik qüvvələrlə heç bir dialoqa hazır olmadığını göstərdi”, - deyə bildirib.
AXCP sədri Əli Kərimli İlham Əliyevin çıxışını məntiqdən kənar, monoloq kimi qiymətləndirib. “Təəssüf ki, Azərbaycanı qanunsuz idarə edən insan bu şəkildə danışmağı özünə rəva bilir”, deyə o bildirib.
“İlham Əliyev bizimlə heç vaxt debata çıxmır. Debat olarsa, yerində cavabı verilər. Müxalifətə qarşı seçdiyi leksikona gəlincə, səbri çatmadı ki, başladığı oyunu axıra çatdırsın. Guya cəmiyyətlə, müxalifətlə dialoq başladırdı. Nə oldu bəs? Dialoq başlayar-başlamaz bütün opponentlərini aşağılayan, arqumentsiz, cəfəng fikirlər səsləndirdi. Əlbəttə ki, bu gün Azərbaycanı idarə edənlərin vətənpərvərlikdən danışmağa haqqı yoxdur. Bu adam bizi satqınlıqda necə ittiham edə bilər ki, Qarabağ savaşı boyunca Azərbaycana gələ bilməyib. Atası dövlət başçısı olanda 33 batalyonu tərxis edib və Azərbaycanın 6 rayonunun işğalına şərait yaradıb. İndi də bizimlə bu şəkildə soyuq savaş apardığı halda, həftədə bir erməni liderləri ilə isti münasibətli görüşlər keçirir”, - deyə ironiya ilə bildirib.
AXCP sədri deyib ki, avtoritar liderlərin özləri kimi, çıxışları da bir-birinə bənzəyir. “Hamısı beləcə uçuruma doğru addımlayır. Müxalifət dəfələrlə mitinqlər keçirib və bundan sonra da aksiyalar davam edəcək. Bunun “Eurovision”a aidiyyatı yoxdur”, - o qeyd edib.
Öz növbəsində, Müsavat Partiyasının başqanı İsa Qəmbər İlham Əliyevin belə səpgili çıxışının ilk dəfə olmadığını vurğulayıb. Eyni zamanda son çıxışdakı ritorikanın narahatlıqdan yarandığı qeyd edilib.
Ölkədə demokratik dəyişikliyin labüdlüyünü İ.Əliyevin özü də başa düşür. Amma o, ətrafına, cəmiyyətə və xalqa heç nəyin dəyişməyəcəyi mesajı verir. “Buna görə İ.Əliyev öz xalqına qarşı düşmən mövqe tutur. Amma bu mövqe İ.Əliyevə hörmət və uğur gətirməyəcək”, - deyə Müsavat başqanı mövqeyini ifadə edib.
O, ölkədə demokratik dəyişikliklər baş verəcəyindən əminliyini ifadə edərək, İctimai Palatanın bu dəyişiklikləri həyata keçirəcəyini və bunun qarşısını heç bir qüvvənin ala bilməyəcəyini vurğulayıb.
XS
SM
MD
LG