Accessibility links

Allen Mirqədirov: Marsa uçuş ən tez 2022-ci ildə baş tutacaq


Allen (Ələkbər) Mirqədirov
Allen (Ələkbər) Mirqədirov

Allen (Ələkbər) Mirqədirov oktyabrın 16-də Havayda başlayan Marsa şərti 8 aylıq uçuş ekipajının 6 üzvündən biridir.

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) 31 yaşlı zabiti, komandanın bort mühəndisi Allen Bakıda dünyaya gəlib və böyüyüb. 90-cı illərin əvvəllərində, o 10 yaşında ikən ailəsi ABŞ-a köçüb.

Bu yaxınlarda Allen və daha 5 nəfər NASA komissiyası tərəfindən Marsa uçuşa maksimum bənzəyən eksperiment üçün seçilib.

Turan-a müsahibəsində Allen bu qeyri-adi hadisə haqqında məlumatı bölüşməyi məmnuniyyətlə qəbul edib.

“Bu eksperiment NASA (ABŞ-ın Milli Kosmik Agentliyi) tərəfindən keçirilir. Onun məqsədi 8 ay ərzində ekipaj üzvlərinin uyğunlaşa bilməsini yoxlamaq məqsədilə daha çox sayda eksperiment həyata keçirməkdən ibarətdir. Marsa uçuş və geri dönüş məhz bu qədər zaman alacaq. Vəzifə mümkün psixoloji problemləri araşdırmaqdan və Marsa uçuşlar həyata keçirilməyə başladıqda bu təcrübədən istifadə etməkdən ibarətdir”, Allen bildirib.

“Ekipajda üç kişi və üç qadın var. Ekipaj komandiri Marta adlı qadındır, o, Kanadalıdır, məndən başqa, qalan üzvlər Ameriakda dünyaya gəlib.

Eksperimentdə mən avadanlığın, o cümlədən kompüterlərin texniki vəziyyətinə, onun saz vəziyyətdə olmasına və uçuş marşrutuna görə məsuliyyət daşıyıram.

Ümumi vəzifələrdən başqa mənim öz eksperimentim də olacaq – uçuş trayektoriyasını optimallaşdıran kompüter proqramının işlənib hazırlanması. Bunun mənası planetlərin Günəş Sistemində hərəkətini nəzərə alaraq, Marsa gedən yolun ən optimal yolunu hesablamaqdan və cızmaqdan ibarətdir. Ola bilər ki, Marsa uçuş müddətini azaltmaq olar”, Allen bildirib.

Bu eksperiment nə vaxtsa iştirakçıların Marsa uçacağı deməkdir?

Bu suala cavabda Allen deyib ki, belə bir zəmanət yoxdur.

“Bizim hamımıza deyiblər ki, bu, yalnız eksperimentdir, amma o, uğurlu keçərsə və ekipaj üzvlərinin davranışından asılı olaraq, onların gələcəkdə Marsa gedən ilk ekipajlarda olmaq şansı daha çox olacaq”.

Bunun nə vaxt baş verə biləcəyi barədə suala cavabda Allen deyib ki, bu, ən tez 2022-ci ildə baş tuta bilər. Burada texniki məsələlərdən başqa, sırf maliyyə tərəfi də var, yəni bu qədər bahalı layihənin maliyyələşdirilməsi Konqres tərəfindən təsdiq edilməlidir.

Namizədlər necə seçiləcək?

Bu suala cavabda Allen deyib ki, çox sayda testlər olub. Namizədləri bir neçə mərhələdə seçiblər: ixtisasdan başqa, fiziki və psixoloji vəziyyəti, xarakteri, uyğunlaşa bilmək qabiliyyətini yoxlayıblar. Sonuncu mərhələdə 10 namizəd qalmışdı, onları həyatda qalmaq qabiliyyətlərini yoxlamaq üçün sözün əsl mənasında meşəyə atmışdılar.

“Biz 10 gün açıq hava altında yaşadıq, suyu və yeməyi özümüz tapırdıq, bir-birimizə kömək edirdik. Mən xasiyyətcə elastik biriyəm, tələbkar deyiləm və çətinliklərdən və məhrumiyyətlərdən qorxmuram. Yəqin elə buna görə məni qəbul ediblər, Marta isə, təşkilatçıların fikrincə, ekipaja rəhbərlik edə biləcəyi üçün lider oldu”, Allen qeyd edib.

Ritorik – kişilər 8 ay qadının rəhbərliyi altında yaşaya biləcəkmi? – sualı Alleni güldürür.

“Düşünürəm ki, iştirakçıları və komandiri seçənlər nə etdiklərini yaxşı bilirdilər. İndi biz görüşürük, ünsiyyətimiz var, hər şey normaldır, heç bir problem yoxdur, eksperimentin yekunlarına görə də belə olacağına ümid edirəm”, o bildirib.

Eksperimentin harada, necə bir məkanda keçiriləcəyi haqqında suala cavabda Allen deyib ki, layihə Havayda yerli universitet bazasında həyata keçiriləcək.

“Məkan 12 metr diametri olan, yarıya qədər qapalı günbəzə bənzəyir. Eksperiment zamanı o tamamilə bağlanacaq və kənardan görünməyəcək. İçəridə olanlar da bayırda baş verənləri görməyəcəklər.

Günbəzin altında 6 kayut, iki tualet var. Biz 8 ay belə bir yataqxanada qalacağıq. Doğrudur, bəzən skafandrlarla “Mars”ın səthinə çıxacağıq və müəyyən tapşırıqları yerinə yetirəcəyik”.

Eksperiment uğursuz keçə və ya pozula bilərmi?

Bu suala cavabda Allen deyir ki, ekipaj 8 ay ərzində birgə yaşamağa tab gətirməsə, onun üzvləri bir-biri ilə yola getməsə, bunu uğursuzluq hesab etmək olar. Lakin seçim çox ciddi olub və iştirakçılar çox məsuliyyətli insanlardır, buna görə belə bir variantın ehtimalı çox azdır.

Özü ilə borta Azərbaycanın rəmzini aparacaqmı? – sualına cavabda Allen deyib ki, bunu məmnuniyyətlə edəcək. Amma hələ özü ilə məhz nə götürəcəyinə qərar verməyib. “Düşünürəm ki, bu, mənə sonuncu dəfə 2010-cu ildə baş çəkdiyim Bakını xatırladacaq bir şey olacaq”, deyə Allen Mirqədirov bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG